“Etiraf edək ki, erməni lobbisi Azərbaycan diasporu ilə müqayisədə güclüdür. Bu onların azərbaycanlılardan daha öncə dünyaya yayılmaları ilə bağlıdır. Yəni, bizimlə müqayisədə daha uzun müddət inkişaf yolu keçiblər və bu illər ərzində yeni nəsillər formalaşıb. Amma onlar erməniliklərini itirməmək üçün erməni gənclərin erməni millətindən olanlarla ailə qurmasını vacib şərt olaraq qəbul edirlər. Bu da onların assimilyasiyaya uğramamasını və harada doğulmasından asılı olmayaraq erməni şovinizminə xidmət etməsini şərtləndirir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında araşdırmaçı-jurnalist Əli Zülfüqaroğlu deyib.
“Uzun illər ərzində formalaşan erməni lobbisi həm biznes sektorunda, eyni zamanda dövlət qurumlarında, müxtəlif seçkili orqanlarda (parlament, bələdiyyə), media və digər sahələrdə kök atmalarına səbəb olub. Erməni lobbisi erməni əsilli iş adamlarından istifadə edərək xarici media ilə ciddi əlaqələr qurmağa nail olub. Həm bir çox media quruluşlarını maliyyələşdirməklə, həm də fərd olaraq xarici jurnalistləri rüşvət və bahalı hədiyyələrlə ələ almağı bacarıblar. Bu da onların xarici media ilə əlaqələrinin daha güclü olmasına şərait yaradır”.
Ə.Zülfüqaroğlu qeyd edib ki, bizim diasporun isə çox qədim tarixi yoxdur. “Təşkilatlanmada problemlər var, iş adamları ilə diasporumuz arasında etimad mühiti yoxdur və s. Bu prosesi keçməyimiz zaman alacaq. Amma eyni zamanda bizim xarici media ilə əlaqələri olan diaspor təmsilçilərimiz də var. Sadəcə onlarla əməkdaşlıq etmirik, yaxud etmək istəmirik. Məsələn Niderlandda Vüqar Abbasov misal göstərmək olar. Niderland mediası ilə əlaqələri olduğu halda onun potensialından istifadə olunmur. Belə misalları çox çəkə bilərik. Belçikanın ən nüfuzlu media orqanları ilə əlaqəsi olan Azərbaycan Belçika dostluq cəmiyyətin sədri Ayhan Dəmirçi də həmçinin. Onun tanıdığı, əlaqəsi olduğu jurnalistlərlə əlaqələri sıxışdırmaq nə qədər çətindir? Məsələn Ayhan Dəmirçinin sayəsində Vətən müharibəsi dönəmində Azərbaycanın lehinə Belçika mediasında yazılar dərc olundu. Bundan başqa mən də daxil olmaqla bir neçə jurnalist çoxsaylı xarici media orqanlarında yazılarla çıxış etdik. Sizə bir misal çəkə bilərəm. Vətən müharibəsi dönəmində Gəncə terroru ilə bağlı Misir mətbuatına açıqlama vermişdik, eyni zamanda yazılarımız dərc olunmuşdu. Həmin media orqanı ermənilər tərəfindən təhdid edilir, yazının saytdan çıxarılması tələb olunurdu. Bu alınmayandan sonra isə sayt İrəvan və Yaponiyadan haker hücumlarına məruz qalmışdı. Yunanıstanda dərc olunan yazımızla görə isə orada fəaliyyət göstərən Erməni Milli Komitəsinin üzvləri həmin media orqanını, eyni zamanda mən və Elnur Eltürkü təhdid edirdilər.
Daha bir maraqlı misal çəkə bilərəm. Erməni vandalizmi ilə bağlı İtaliya mediasında yazı vermək üçün çox çətinliklə üzləşdik. Çünki erməni lobbisi nüfuzundan asılı olmayaraq əksər media orqanları ilə müxtəlif adlar altında müqavilələr bağlayaraq, ödənişlər edərək Azərbaycana qarşı törədilən vəhşiliklərlə bağlı faktların yayımlanmasının qarşısını almağa cəhd edirdilər. Ermənistanda bu işlə dövlət deyil, erməni lobbisi məşğul olur. Bizdə isə diaspor bu məsələ ilə bağlı obyektiv və subyektiv səbəblərdən aktiv fəaliyyət göstərə bilmir. Daha çox yük diplomatik korpusların üzərinə düşür. Bunun üçün işlək bir mexanizm lazımdır. Yəni həm diplomatik korpuslar, həm diaspor, həm də bu işdə təcrübəsi olan azərbaycanlı jurnalistlərin koordinasiyalı fəaliyyəti vacibdir...”.
Aynurə Demokrat.az


