“Hər bir qurum fövqəladə vəziyyətə, təbii fəlakətlərə, gözlənilməz risklərə qarşı hazırlıq planları olmalıdır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Təhlükəsizlik qaydaları üzrə ekspert Elmar Nurəliyev deyib. Ekspert Bakı-Qazax magistral yolunda baş verən qəzaya da münasibətini bildirib. “Belə ekstremal vəziyyətdə çıxış yolu tapmaq üçün çevik qərarların verilməsi mütləqdir. Hər hansı hadisədə qurumlar bir-birilə ardıcıl, koordinasiyalı əlaqələr yaratmalıdır. Çünki çevik müdaxilənin həyata keçirilməsi buradakı insanların təhlükəsiz yerə təxliyə olunmasında, əmlakın qorunmasında və s. məsələlərə müsbət təsir göstərmiş olacaq. Digər təşkilati işlərin də mütləq qaydada hamısının olması lazımdır. Hər hansı hadisə zamanı çevik müdaxilə olunarsa, bu zaman hadisənin qarşısı vaxtında alınmış olar və həm də insanlar daha az zərər çəkmiş olarlar. Ümumiyyətlə, bütün təhlükə risklərinə qarşı təhlükəsizlik qurumları, özəl təşkilatlarla əlaqə qurulmalıdır. Həmin ərazilərə yaxın yaşayan insanların da hansı davranış sərgiləyəcəyi barədə ilkin biliklərinin olması da vacibdir. Bu da belə vəziyyətdə daha az zərərlə qurtulmaqla, nəticələnə bilər”.