“15 oktyabr 2003-cü il cənab İlham Əliyevin Prezident seçilməsi ilə müasir Azərbaycan tarixində yeni eranın başlandığı gündür. 90-cı illərin əvvəllərindən başlayan dağıdıcı proseslər, Ulu Öndər Heydər Əliyev tərəfindən aradan qaldırıldı və dövlət inkişaf yoluna qədəm qoydu. Taleyin hökmü ilə Ümummilli Lider xəstəliyinə görə, ölkənin gələcək rəhbərliyinə özünün ən sadiq davamçısı, İlham Əliyevi məsləhət gördü. “Ona özüm qədər inanıram və mənim başa çatdıra bilmədiyim işləri o yekunlaşdıracaqdır” sözləri real həyatda öz təsdiqini tapdı”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar, transmilli layihələr, iqtisadi inkişaf, ordu quruculuğu, tikinti-abadlıq işləri, dövləi idarəetmə sisteminin təkmilləşdirilməsi, beynəlxalq təşkilatlardakı rolu Azərbaycanın güclü, lider dövlət obrazını formalaşdırmışdır.
“Ən əsası isə 30 ildən bəri işğalda olan torpaqlarımızın azad olunması, Müzəffər Ali Baş Komandan kimi adını tarixə yazdırmaq kimi şərəfli missiyanı yerinə yetirmək məhz İlham Əliyevə nəsib olmuşdur. Eyni zamanda, Bakı şəhəri ilə yanaşı, Azərbaycanın bütün şəhər və rayonlarının simasını dəyişən sosial-iqtisadi inkişaf proqramları, qlobal infrastruktur layihələri, el arasında cənab Prezidentə “Qurucu İlham” fəxri adını qazandırmışdır. Prezident 44 günlük Vətən müharibəsində cəbhədə döyüşən Orduya komandanlıq etdiyi kimi, informasiya müharibəsinin də önündə gedirdi. Onun bir çox ölkələrin liderləri, dünyanın nüfuzlu, bəzi hallarda isə, qərəzli KİV-i qarşısında qətiyyət və prinsipiallıqla dövlət maraqlarımızı müdafiə etməsi, xalqımızın qürur mənbəyinə çevirdi. Post-müharibə dövründə də, dünya erməniliyinə, onların himayədarlarına qarşı gərgin mübarizə davam edir. Bu çətin və şərəfli işlərində cənab Prezidentə möhkəm can sağlığı, düşmənlərimizin və bədxahlarımızın üzərində mütləq Qələbə arzulayıram”.
“Azərbaycan xalqı, ələlxüsus bizim nəsillər xoşbəxtdir. Biz torpaqlarımızı işğaldan azad etməklə, tarix qarşısında müqəddəs borcumuzu yerinə yetirmişik. Məğlubluq sindromundan, ləkədən qurtarmışıq. Sınmış qürurumuzu bərpa etmişik. Xalqımıza bu xoşbəxtliyi, 15 oktyabr 2003-cü ildə Prezident seçilmiş cənab İlham Əliyev bəxş edib. Dünya azərbaycanlılarını təbrik edirəm”.
Aynurə Demokrat.az


