Siyasət Özəl

“Məftil və kəndirlə bağlanmış insan qalıqları erməni vandallığının nümunəsidir” — Deputat

“Məftil və kəndirlə bağlanmış insan qalıqları erməni vandallığının nümunəsidir” — Deputat

“Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan dövləti dünya ictimaiyyətinin gözü qarşısında öz təcavüzkar siyasətini həyata keçirməklə Azərbaycan xalqını soyqırım və etnik təmizləməyə məruz qoymuşdur. 2020-ci ildə Azərbaycan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinə dözməyərək 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı qəbul etdiyi dörd qətnaməni təkbaşına icra etdi”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib. Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr tarixində başlanan 44 günlük İkinci Qarabağ müharibəsində Ermənistan ordusunu və işğal olunmuş ərazilərdə yerləşdirilən qeyri-qanuni hərbi birləşmələri məhv edərək doğma Qarabağımızı işğaldan azad etdi.

“Nəticədə erməni tərəfi Azərbaycan və Rusiyaya müraciət edərək 10 noyabr tarixində ağır itkilərini və məğlubiyyəti qəbul edərək kapitulyasiya aktını imzalamağa məcbur oldu. Müharibədən sonra işğaldan azad edilmiş ərazilərdə Azərbaycan bərpa və yenidənqurma işləri görür və dinindən, millətindən asılı olmayaraq orada yaşayan insanları öz doğma yurdlarına qaytarmaq üçün ilk növbədə həmin ərazilərdə minadan təmizləmə işləri aparır. Bu proses zamanı Azərbaycan təəssüf ki, dəfələrlə Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş, bu gün də itkin düşmüş hesab olunan, erməni vandallığına məruz qalmış həmvətənlilərimizə aid kütləvi məzarlar aşkarlayıb”.

Deputat qeyd edib ki, bu yaxınlarda Xocavənd rayonunun işğaldan azad edilmiş Edilli kəndində məftil və kəndirlə dolu insan qalıqları, habelə işgəncə izləri olan daha bir kütləvi məzarlıq aşkar edildi.

“Bu, insanlıq məvhumunu sarsıdan, insan cəmiyyətinin mənəvi və hüquqi prinsiplərinin kobud formada pozulmasıdır. İllərdir Azərbaycanın haqq səsini eşitmək istəməyən dünya ictimaiyyəti bu gün Ermənistanın müharibə qurbanlarının müdafiəsini təmin edən Cenevrə Konvensiyaları və onların 8 iyun 1977-ci ildə qəbul edilən iki Əlavə Protokolunun iştirakçısı olmasına baxmayaraq, 30 ilə yaxın bir müddətdə beynəlxalq humanitar hüququn hamılıqla tanınan norma və prinsiplərini kobud şəkildə pozduğuna, öz beynəlxalq-hüquqi öhdəliklərinə etinasız və məsuliyyətsiz münasibət göstərdiyinə şahidlik edir. Bu günə qədər hərbi əsirlərin aqibəti haqqında Ermənistan məlumat verməyərək, öz beynəlxalq öhdəliklərini pozmağa davam etməkdədir”. Millət vəkili əlavə edib ki, sülhün əldə olunması üçün keçirilən görüşlərin fonunda Ermənistan Avropa İttifaqının çağırışlarına məhəl qoymur: “Təəssüf ki, Azərbaycanı hər-hansı bir erməni hərbçisinə qarşı zorakılıq tətbiq etməkdə ittiham edir. Lakin bütün bu ittihamlar əsassızdır, heç bir fakta söykənmir və hər şey dünya ictimaiyyətinin gözləri qarşısında baş verir. 30-ilə yaxın bir müddətdə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən soyqırım, etnik təmizləmələr, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlərin törədilməsi bütövlükdə bəşəriyyətə qarşı yönələn qəbuledilməz bir davranışdır.Dörd Cenevrə konvensiyasının iştirakçısı olan dövlətimizin humanizm prinsipini rəhbər tutaraq hərbi əməliyyatlar zamanı əsir düşmüş erməni hərbçilərini beynəlxalq hüququn norma və prinsiplərinə əsasən dəfələrlə qarşı tərəfə qaytarması, regionda davamlı sülhü, əmin-amanlığı qorumaq üçün əlindən gələn bütün tədbirləri həyata keçirməsi Ermənistan tərəfini arxayın salmamalıdır. Azərbaycan Ermənistandan fərqli olaraq beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə hər zaman sadiq olduğunu görür. İnanırıq ki, mövcud ədalətsizliklər, siyasi riyakarlıq, başqa dövlətlərin ərazisində gözü olan Ermənistana qarşı tutulan güzəştli mövqeyə baxmayaraq soydaşlarımıza, həmvətənlilərimizə qarşı törədilmiş hərbi cinayətlər cəzasız qalmayacaq”.

Aynurə Demokrat.az

D
demokrat.az