“Son günlər Kreml Ukraynanı nəinki Xəzər akvatoriyasından, o cümlədən də digər ərazilərdən bombalayır. Bütün bunlar onu göstərir ki, Rusiya-Ukrayna müharibəsinin getdikcə fəsadları və miqyası böyüyür. Artıq nüvə silahdan başqa, demək olar ki, bütün silahlardan istifadə olunur”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq İlqar Vəlizadə bildirib. Politoloq qeyd edib ki, bunun yeganə çıxış yolu Türkiyə prezidentinin təklifidir. “Yəni, müharibə dərhal dayandırılmalıdır və tərəflər danışıqlara getməlidir.Təbii ki, danışıqsız bu müharibəni tam sürətdə dayandırmaq olmayacaq. İndi danışıqlar yoxdur və hər iki tərəf də ciddi olaraq bir-birini günahlandırır, fərqli mövqedə dayanırlar. Belə olan halda isə müharibənin dayandırılması mümkün deyil. Əlbəttə ki, ilk əvvəl müharibədə Ukraynanın vətəndaşları zərər çəkir. Ukrayna açıqlamasa da, Rusiyanın bombardmanı nəticəsində xeyli sayda mülki şəxslər arasında ölənlər var. Düşünürəm ki, müharibə daha böyük miqyas almamış dayandırılmalıdır”.
Politoloq qeyd edib ki, əgər nüvə müharibəsi baş verərsə, burada Azərbaycan da böyük fəlakətlərlə üzləşəcək:
“Nüvə müharibəsi elədir ki, bundan bütün ölkələr zərbə altına düşəcək. Rusiyanın nüvə silahı Qafqazda da yerləşir. Mən istisna etmirəm ki, Xəzər donanmasında da nüvə silahı var. Siz təsəvvür edin ki, nüvə savaşı baş verərsə, Rusiya tərəfindən raketlər atılarsa və NATO cavab verərsə, o cümlədən Xəzər akvatoriyasına silahlar atılsa, o nə deməkdir? Təsəvvür edin ki, Bakının ətrafında neft və qaz yataqları var. Elə bakının özü neftlə zəngindir. Bizim aqibətimiz necə olacaq? İş orasındadır ki, Azərbaycan da ziyan çəkəcək. Əgər nüvə silahı Xəzər akvatoriyasına gəlib düşsə, təkcə ekologiyaya yox, müxtəlif fəlakətlər başımıza gələcək və çox dəhşətli şeylər olacaq. Burada aydındır ki, Ukrayna istəmir ki, ərazi bütövlüyü daim pozulmuş olsun, bu məğlubiyyətlə razılaşmaq istəmir. Onun da səbəbi və əsası var, ancaq yalnız Ukrayna yox dünya özü hansı təhlükə ilə üzləşir? Əlbəttə ki, belə vəziyyətdə qeyri-adi addımlar, həllər lazımdır. Bu adi müharibə deyil, burada fərqli yanaşma lazımdır. Bu silahlara əl atılsa nə olacaq? Türkiyə prezidentinin təklifi sıravi təklif deyil. Çox məsuliyyətlidir! Təəssüflər olsun ki, digər aparıcı oyunçular bu səylərə diqqət yetirmir və qeyri-ciddi yanaşırlar”.
Aynurə Demokrat.az


