Deputat: "Kasıb ailənin bahalıqdan çəkdiyi əziyyətin və məşəqqətin heç olmasa yarı hissəsi dövlət tərəfindən ödənilməlidir"
"Həqiqətən ciddi bahalaşma var".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib. Deputat qeyd edib ki, bahalaşmadan şikayət edən və çarə axtaran xeyli insanlarla görüşüb:
"Axı biz özümüz də bu b ahalığı nəinki hiss edirik, həm də yaşayırıq. Gərək etiraf edək ki, bütün ölkələrdə, ümumən bütün dünyada ciddi bahalaşma var. Bununla bərabər həm də etiraf edək ki, ciddi bahalaşma ilə üz-üzə qalan bizim səviyyədə və ya daha rifah olan ölkələrdə əmək haqları daha çoxdur və ya dəfələrlə çoxdur. Gərək biz də vətəndaşın qazancını artıraq ki, onun ailə büdcəsinə aylıq daha çox pul vəsaiti daxil olsun".
"Bəzən qiymətlərin aşağı salınması üçün inzibati addımlar atılır, amma bu çıxış yolu deyil. İnzibati üsullarla sahibkarı qazanc götürmədən maya dəyərinə, ya bir az aşağı və ya dəyərindən azacıq baha satmağa məcbur edə bilməzsən. Etsən, biznesi dayandırar və ölkəni tərk edər. Demək ki, başqa yollar lazımdır", -deyə deputat qeyd edib.
Deputat əlavə edib ki, bu yol isə vətəndaşların qazancını artırmaq üçün daha rahat biznes və iş mühiti yaratmaq, kreditləri əlçatan etmək, kiçik və orta sahibkarlığın inkişafına daha böyük vəsaitlər ayırmaqdır:
"Əlavə olaraq, mütləq şəkildə həssas və kasıb təbəqənin dolanışığı üçün digər sosial güzəştlər tətbiq etmək gərəkir. Bura kommunal xidmətlərin qiymətinin aşağı salınması və fərqinin dövlət büdcəsi hesabına ödənilməsidir. Hər halda ən ümdə vəzifəmiz kasıb əhalinin bahalıqdan çəkdiyi əziyyətin və məşəqqətin heç olmasa yarı hissəsinin dovlət tərəfindən ödənilməsi olmalıdır".
Aynurə Demokrat.az


