Sosial Özəl

Xəzər dənizi həddindən artıq risk altındadır — Ekoloqlardan həyəcan siqnalı

Xəzər dənizi həddindən artıq risk altındadır — Ekoloqlardan həyəcan siqnalı

Xəzər dənizinin səviyyəsi enməkdə davam edir. Paytaxtda bu səhnə daha qabarıq şəkildə nəzəri cəlb edir. Belə ki, Dənizkənarı Milli Parkda suyun səviyyəsinin kəskin şəkildə enməsi nəticəsində sahil boyunca daş və torpaq qatı üzə çıxıb. Nəticədə bəzi ərazilərdə vaxtilə suyun altında qalmış dəmir borular və digər metal materiallar üzə çıxıb.

Xəzər dənizi həddindən artıq risk altındadır — Ekoloqlardan həyəcan siqnalı
Xəzər dənizinin səviyyəsinin enməsi barədə Demokrat.az-a açıqlama verən ekoloq-alim Telman Zeynalov bildirib ki, burada təəccüblü bir şey yoxdur. Ekoloqun sözlərinə görə, Xəzərin qabarma-çəkilmə məsələləri müxtəlif periodlarda təkrarlanır.
Xəzər dənizi həddindən artıq risk altındadır — Ekoloqlardan həyəcan siqnalı
“Ümumiyyətlə, tarix boyunca Xəzər dənizində suyun səviyyəsinin enməsi və qalxması dəfələrlə müşahidə olunub. Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi buxarlanmanın artması, illik yağıntının normadan aşağı olması, eyni zamanda qışda dəniz buzunun yoxa çıxması ilə izah olunur. Bu, təbii prosesdir. Ola bilsin ki, ensin və sonra yenidən qalxsın, yəni bu məsələ iqlimdən asılıdır. Bilirsiniz ki, son dövrlər əsasən Abşeron yarımadasında hava quraqlıq keçir. Havanın quraqlıq keçməsi də, su qıtlığına səbəb olur. Su qıtlığının yaranması isə dünyada ərzaq məhsullarının qiymətlərinin qalxmasına səbəb olur”.
Xəzər dənizi həddindən artıq risk altındadır — Ekoloqlardan həyəcan siqnalı
T.Zeynalov hesab edir ki, Azərbaycanda su qıtlığının qarşısının alınması üçün müəyyən tədbirlərin görülməsi zəruridir:

“Azərbaycanda 8375 çay var ki, onların da 3-ü iri çaylardır, qalanı isə xırdadır. Ölkəmizdə su qıtlığının qarşısını almaq üçün çayların üzərində su bəndləri yaradılmalıdır. Bununla da, su qıtlığını aradan qaldırmaq olar. Çox təəssüf ki, bizdə bu işlər görülmür. Əgər bu işlər həyata keçirilərsə, biz su qıtlığı ilə üzləşməyəcəyik. Su qıtlığı nə deməkdir? Bu, ərzaq məhsullarının qıtlığı deməkdir ki, nəticədə aclıq dövrü başlayır. Ümumiyyətlə, qlobal istiləşmə deyilən bir şey yoxdur. Qlobal istiləşmə deməklə, alternativ enerji ilə neft şirkətlərini üzbəüz qoyublar və onlar da bu gün bir-birilə mübarizə aparırlar. Ona görə də, yavaş-yavaş neftin və qazın qiyməti qalxmağa başlayır. Alternativ enerjini qurmaqla, onun 15-20 il ərzində insana heç bir müsbət cəhəti olmayacaq. Bu mənim şəxsi fikrimdir. Onların üzərində işləmək lazımdır”.

Xəzər dənizi həddindən artıq risk altındadır — Ekoloqlardan həyəcan siqnalı
Ekoloq qeyd edib ki, bu gün təbiətdə iqlim dəyişmələri müşahidə olunur:

“Deyirlər ki, dünyada qlobal istiləşmə gedir. Bununla razı deyiləm, çünki bu gün iki nəhəng korporartiv şirkətlər mübarizə aparır. Biri deyir mənim enerjim yaxşıdır, o biri deyir mənim. Biz ömür boyu neft-qaz enerjisini görmüşük, indi isə günəş və külək enerjisi çıxıb. Ancaq bir də var ki, bioenerji. Bioenerjiylə heç kəs məşğul olmur. Düzdür, xarici ölkələrdə bununla ciddi məşğul olurlar. Hətta, bir sıra ölkələrdə bir dənə də olsun metal tullantısı yoxdur. Onlarda bioqaz qurğuları qurulub. Ümumiyyətlə, əgər qıtlıq yaranırsa, qazda işıqda bahalaşma olursa, bu onlara təsir göstərmir. Çünki onlar hər şeydən qaz, işıq alırlar. Bizimkilər isə bioqazı saymırlar və ətrafı çirkləndirə-çirkləndirə gedirlər. Deyirlər ki, guya neft qurtaracaq, neft qurtaran deyil. Çünki neft qurtararsa, təbiətdə olan karbon qazı tükənər. Karbon qazı tükənərsə, deməli həyat da tükənir. Ona görə də, bu sahədə ciddi işlərin görülməsinə ehtiyac var”.

Biologiya üzrə fəlsəfə doktoru Fikrət Cəfərov isə deyir ki, Xəzərin suyunun azalması burada yaşayan bütün canlılara mənfi təsir edir:

“Məsələ ondadır ki, səviyyə aşağı düşəndə Xəzərin duzluğu da qalxır. Dənizin mühiti isə maksimum 12-13 faiz duzluluğa öyrənib. Lakin keçən əsrdə Xəzər dənizində ən aşağı enmə 2 metrə yaxın olmuşdur. Duzluluq 14,5 faizə qalxmışdır. Bu da birinci növbədə nərə balıqlarına təsir göstərmiş və onlarda bir çox xəstəliklər əmələ gəlmişdir. Bir tərəfdən bilirsiniz ki, Ural çayının axını azalanda tullantılar, toksik maddələr də kənara atılır və onların da dərəcəsi qalxır. Nəticədə su həddindən çox çirklənir. Bu da öz növbəsində bütün dənizdəki, çaydakı canlı mühitə mənfi təsir göstərir”.

Ekspert bildirib ki, bu gün Xəzər dənizi həddindən artıq risk altındadır:

Xəzər dənizi həddindən artıq risk altındadır — Ekoloqlardan həyəcan siqnalı
“Bilirsiniz ki, bu risklər Xəzər dənizində bioresursların demək olar ki, 80 faizini məhv edir. Digər tərəfdən, Xəzərin səviyyəsinin aşağı enməsinin zooaləmə də böyük təsiri var. Bunun da nəticəsində Xəzərdə olan balıq növləri azalacaq. Aydındır ki, bunun nəticəsində bioresurslar da kəskin şəkildə azalacaq. Bu da Xəzərə bütövlükdə həddindən böyük ziyan vuracaq. Bilirsiniz ki, bunun qarşısını almaq çox çətindir. Ümumiyyətlə, iqlim dəyişilməsi birbaşa Rusiyada qar toplanmasına təsir göstərib. Ora bir neçə il dalbadal demək olar ki, 30-45 faiz qar düşüb. Qışda qar demək olar ki, son illər Rusiyada az yağır. Çaylardakı suyun mənbəyi də məhz bu şimaldakı qardan asılıdır. Rusiyanın çaylarının qidalanması isə birbaşa qarla bağlıdır. Qışda qar yığılıb toplanır, yazda başlayır əriyir və nəticədə çaylarda axın çoxalır. Bu da Xəzər dənizindəki suyu kompensasiya edir”.

Onun sözlərinə görə, böyük qlobal təsirin qarşısını almaq həddindən artıq çətindir:

Xəzər dənizi həddindən artıq risk altındadır — Ekoloqlardan həyəcan siqnalı
“Bütün mütəxəssislər deyirlər ki, bu qış ümumiyyətlə Rusiyada və Avropada ən soyuq qış olacaq. Ona görə ki, okeanın səviyyəsi tez soyuyur. Bu da ona gətirib çıxaracaq ki, Arktikadan soyuq hava kütlələri Rusiyaya və Avropaya gələcək. Məsələ ondadır ki, Arktikanıın soyuq hava kütlələrinin tərkibində nəmlik yoxdur. Onlar çox az su daşıyırlar. Nəticədə həm yağışlar azalacaq, həm də qışda qar azalacaq. Ola bilsin ki, bir-iki yerdə güclü qar olacaq, lakin ümumi götürsək, qarın arktik soyuq qrupları su gətirməyəcəklər. Çünki qeyd etdiyim kimi, onların nəmliyi çox azdır. Deməli, belə böyük qlobal təsirini almaq həddindən artıq çətindir.

Sovet dövründə “Şimal çaylarının Xəzərə axıdılması” adlı böyük layihə var idi. Belə baxanda, yaxşı ki, o layihə həyata keçirilməyib. Birincisi, bu layihə həddindən artıq bütün Orta Asiyaya ölkələrinə təsir edərdi. İkinci tərəfdən, şimal çaylarının suyunun azaldılması özü də iqlimin dəyişilməsi sürətinin artırılmasına gətirib çıxardacaqdı. Çünki bir yerdən nəsə yaxşılaşdırmağa çalışırsansa, o biri tərəfdən isə sənin işin ayrı yerdə böhrana gətirib çıxardacaq. Gördünüz ki, Urmiya gölü demək olar ki, məhv olub. Bu birbaşa antropogen təsirdir. Urmiyanın sakinləri çalışırdılar ki, çoxillik balıqlar yaratsınlar və bütün qrunt sulardan istifadə etdilər. Həddindən artıq artezian quyuları yaratdılar. Nəticədə qrunt suları aşağı düşən kimi Urmiyanın səviyyəsi də aşağı düşməyə başladı. Onun bərpa etmək üçün isə Arazdan su gətirməyi düşünürlər. Təəssüf ki, Arazın suyu ilə həmin gölü bərpa etmək mümkün olmayacaq. Ona görə ki, Urmiyanın qidalanması birbaşa qrunt suları ilə bağlıdır. Bu gün əgər Arazdan su götürsələr, bu ilk növbədə Azərbaycana təsir göstərəcək. Digər tərəfdən, Urmiyanı təzədən bərpa etmək demək olar ki, mümkün olmayacaq. Eyni vəziyyət Xəzərdədir. Onun qarşısını almaq üçün ayrı üsullar var. Bəzi mütəxəssislər deyirlər ki, yaxşı olardı ki, Xəzərdə böyük günəş elektrik stansiyası qurulsun. Əgər belə bir stansiya qurularsa, bir tərəfdən buxarlanmanı qapadacaq, o biri tərəfdən də suyun qızmasının qarşısını alacaq. Ola bilsin ki, belə layihələr Xəzərə yaxşı təsir göstərə bilər. Lakin hardansa su götürmək və onu gətirib Xəzər dənizinə aparmaq və s. bu kimi layihələr ümumi şəkildə həddindən böyük ziyan gətirə bilər”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu - Ekologiya və ətraf mühitin mühafizəsi

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az