Karateçilərimiz Çexiyanın Karlovı Varı şəhərində keçirilmiş Dünya çempionatında uğurlu nəticə qazanıb.
Demokrat.az xəbər verir ki, Dünya Müasir Döyüş növləri Federasiyasının Avropa üzrə vitse-prezidenti Arif Məmmədovun rəhbərliyi ilə ilin əsas yarışına yollanan komandamız şəxsi döyüşlərdə yeniyetmə, gənc və böyüklər arasında 35 medala layiq görülüb.
Fərdi yarışlarda bütün yaş qrupları üzrə mübarizə aparan karateçilərimiz 9 qızıl, 6 gümüş və 20 bürünc mükafata sahib çıxıb.
Yeniyetmələrin yarışında idmançılarımız olduqca yüksək nailiyyətləri ilə yadda qalıblar. Təmsilçilərimizdən 9 karateçi finala vəsiqə qazanıb və onlardan 5-i dünya birincisi olub:
Şamo Kamilov – I yer Marat Semixov – I yer Şahin Almuradlı – I yer Cansu Əhmədzadə – I yer Mədinə Kazımova – I yer
Yeniyetmələrdən 4-ü gümüş, 16-sı bürünc medala layiq görülüb. Bundan başqa, yeniyetmələr komanda yarışında Azərbaycan yığması 1-ci olub: Elton Əliyev Murad Dinç Ayxan Ömərov Əli Hacıyev
Gənclərimiz 2 qızıl, 2 gümüş və 2 bürünc medalla kifayətləniblər:
Alika Semixova (18-20 yaş) – I yer Rəsul Abasov (16-17 yaş) – I yer Humay Həsənli (18-20 yaş) – II yer Kənan Babayev (18-20 yaş) – II yer
Kişilərdən ibarət yığma komandamızın iki qızıl medalla tarixi uğurun əldə edilməsində böyük payı olub:
Elcan Məmmədrzayev – I yer Murad Hacızadə – I yer Muraz Atakişiyev – III yer Səma İmanzadə – III yer
Belə ki, yarışa son qitə çempionu kimi qatılan Elcan Məmmədrzayev bu dəfə dünya çempionu tituluna yiyələnib. Yeri gəlmişkən, Elcan Məmmədrzayev hazırda hərbi xidmətini Mərkəzi Ordu İdman Klubunda davam etdirir. Yığmanın aparıcı üzvlərindən Murad Hacızadə komandamızın aktivinə daha bir qızıl medal yazdırıb. Təcrübəli karateçi açıq çəki dərəcəsində yeganə qızıl medalı qazanıb.
Komanda yarışında karateçilərimiz yalnız finalda məğlub olaraq, gümüş mükafat əldə ediblər:
Kənan Babayev Muraz Atakişiyev Elcan Məmmədrzayev Röya Səfərov Murad Hacızadə Röyal Əliyev Orxan Süleymanov
Xatırladaq ki, millimiz Çexiyaya rekord göstərici - 85 nəfərlik heyətlə yollanıb. Qeyd edək ki, yığma komandanın Dünya çempionatında uğurlu iştirakında Gənclər və İdman Nazirliyinin də böyük əməyi var. 




















