"Son aylar ərzində Avropa İttifaqı ilə Azərbaycan1 arasında həm təmasların sayı kəskin artıb, həm də mahiyyətcə yeni müstəviyə çıxıb. Qarşılıqlı etimad günü gündən artmaqdadır. Çexiyanın paytaxtı Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla dördtərəfli danışıqların yekununda qəbul olunan bəyanat rəsmi Bakının növbəti diplomatik qələbəsidir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib. Deputat vurğulayıb ki, sənədin müddəaları ölkəmizin maraqlarına tam cavab verir:
"Bu görüşdə Azərbaycan və Ermənistan bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini tanıdı. Ərazi bütövlüyü və suverenliyin tanınması zamanı BMT Nizamnaməsi əsas sənəd kimi götürülüb. Bu isə o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bir daha təsdiqlənib. Suverenliyi tanımaqla da Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanımış oldu".
Deputat diqqətə çatdırıb ki, sərhədlərin delimitasiyası üzrə birgə komissiyanın iclasının tezliklə keçirilməsi də Azərbaycanın maraqlarına cavab verir. İkinci Qarabağ müharibəsi başa çatandan sonra rəsmi Bakı sərhədlərin delimitasiyası məsələsi üzərində xüsusi dayanırdı. Azərbaycan münasibətlərin normallaşması üçün Ermənistana təklif etdiyi beş maddəlik prinsip arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələsi də vardı. Məsələnin Avropa İttifaqı kimi nüfuzlu qurumun himayəsi altında razılaşdırılması da, yaxın zamanlarda bu sahədə irəliləyişin əldə olunacağını gözləməyə əsas verir".
"Qarabağda yaşayan müəyyən sayda ermənilərə də hansısa imtiyazlar və yaxud üstünlüklər verilə bilməz. Ölkə başçısı bildirib ik, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik. Bu, bizim daxili işimizdir və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır. Dövlətimiz özünün bütün digər vətəndaşları kimi, onların da hüquqlarının qorunmasına tam təminat verir. Bütövlükdə, əminliklə demək olar ki, Praqa görüşündə rəsmi Bakı istəyinə nail oldu".
Aynurə Demokrat.az


