“Erkən nikahlarla bağlı statitikada enmələr müşahidə olunur”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib. Sosioloqun sözlərinə görə, son zamanlar bu sahədə maarifləndirmə işləri aparılsa da, hələ də bu hallar statistikada müşahidə olunmaqdadır:
“Əgər bu say 200-300 ətrafındadırsa, demək ki, hələ təhlükə səngiməyib. Bizim amacımız ondan ibarətdir ki, bu yox dərəcəsində olsun. Düzdür, əvvəlki illərlə müqayisədə azalmalar müşahidə olunur. Ancaq fakt odur ki, bu məsələ hələ də var. Bunun da bir çox səbəbləri mövcuddur. Çünki bəzi valieynlərin savadlıq səviyyəsi eyni deyil. Savadsızlıq əmsalına görə çox aşağıdadırlar. Onlar fikirləşmirlər ki, övladları bu erkən nikahın qurbanına çevrilə bilir. Sabah bunlar boşanmalardan sonra əmək bazarında özlərinə yer tapa bilməyəcəklər, çünki təhsildən kənardılar. Əmək bazarı bunları yüksək kondisiyalı işlərə qəbul edə bilməyəcək. Tibbi baxımdan da bu insanlar ciddi problemlərlə üzləşirlər, erkən doğumlar, ölüm hadisələri baş verir. Əfsuslar ki, bəzi valideynlərin savadı buna imkan vermir ki, bax bunu düşünə bilsinlər”.
Sosioloqun qeyd edib ki, həmin şəxslərlə aparılan sosial işlər də tam əhatəli deyil: “Bölgələrdə görünür ki, bunlarla bağlı sosial maarifləndirmə işləri daha çox aparılmalıdır. Dövlət orqanlar, qeyri-hökumətlər tərəfindən bu sahədə işlər daha da intensivləşməli, profilaktik işlər görülməlidir. Çox yaxşı olardı ki, orta məktəblərdə ailə dərsləri təşkil olunsun. Ailə dərslərində həm qızlara, həm də oğlanlara ümumiyyətlə, erkən nikahların fəsadları, ailə fəlsəfəsi, ailənin meyarları, hansı yaşda ailənin qurulması və səbəbləri, sosioloji, psixoloji tərəfləri barədə danışılsın. Həmçinin, həyat bilgisi dərsliyi çərçivəsində də bu tədris oluna bilər”. Onun sözlərinə görə, bəzən yeniyetmələr gizli şəkildə bir-birilə münasibətdə olurlar və artıq valideynləri də fakt qarşısında qoyurlar.
“Yəni, məsələ məlum olanda gec olur və sonra nikahdan kənar və gizli şəkildə hamiləlik yaşayırlar, uşaq dünyaya gətirirlər. Yəni, valideyn cahilliyində yox, bəzən də məsuliyyətsizliyindən irəli gəlir ki, bu hallar olur. Çox zaman valideyn-övlad münasibətləri qeyri-səmimi olur. Eyni zamanda, bu məsələdə məktəbin də rolu var. Məktəb də hər bir şagirdi izləməlidir. Onlar da fikirləşməlidirlər ki, bu şagird dərsə gəlmirsə, davamiyyətində, yaxud da şagirdlərlə münasibətində problemlər varsa, bu, o deməkdir ki, artıq problem var.

Çox yaxşı olardı ki, həmin hadisədən xəbərdar olan şəxslər hüquq-mühafizə orqanlarına, ictimai strukturlarına xəbər versinlər”.
Sosioloq təklif edir ki. valideynlərə tətbiq olunan cərimələr artırılsın və cəzalar daha da sərtləşdirilsin:
“Bunlar tətbiq olunarsa, haradasa statitikada yox səviyyəsinə gətirə bilərik. İşə kompleks yanaşma tələb olunur. Əgər bu gün statistikada bu yenə də müşahidə olunursa, demək ki, biz hədəfə hələ tam çatmamışıq. Ümumiyyətlə, bütün cəmiyyət bu məsələyə fokuslanmalıdır ki, belə hallar yaşanmasın.Hər kəs bilməlidir ki, erkən nikahda doğulan uşaqlar daha sonra cəmiyyətdə başqa sosial fəsadlara da səbəb olur. Güman edirəm ki, cəmiyyət gələcəyinin sağlam qalması üçün bu cür hallarla mübarizə aparacaq”.
Aynurə Demokrat.az


