Bu gün rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov deyib ki, vahid taksi xidmətinin yaradılması ilə bağlı sənəd hazırlanıb. Onun sözlərinə görə, vahid taksi xidmətinin yaradılması ilə bağlı sənəd var: "Bununla cənab nazir məşğul olur. Metro, avtobus, taksi vahid olsa, daha yaxşı olar".
Mövzu ilə bağlı Ağ partiyanın sədri Tural Abbaslı Demokrat.az-la fikirlərini bölüşüb:
“Maraqlıdır ki, vahid taksi sistemi deyiləndə nə nəzərdə tutulur? Mahiyyət nədir? Bu nə olacaq? Vahid qiymət tarifimi deyilir, yoxsa bir taksi xidməti olacaq və hər şey oradamı cəmləşdiriləcək? Elə olarsa, rəqabət prinsipi nə olacaq, yaxud da ki, bu vahid taksi xidməti deyilən anlayışdan sonra taksi xidmətinin qiyməti artacaqmı, azalacaqmı? Bu hansı kriteriyalardan ölçüləcək? Bilirisiniz, bu ümumi bir sözdür və sənəd var. Nə sənədi var? Nə istiqamətində iş görüləcək? Bu gün heç kəsə sirr deyil ki, əsasən taksi fəaliyyəti Bakı şəhərindədir. Bakı şəhərində əsasən Bolt, Uber kimi beynəlxalq şirkətlərin tətbiqləri üzərindən taksi fəaliyyəti görülür. Burada biraz sərbəstlik var, sənədləşmə rahatdır, insanlar istədiyi vaxt qoşula bilir, istədiyi vaxt ayrıla bilir. Vətəndaşlar da müştəri kimi bundan rahat şəkildə istifadə edirlər. 
Aynurə Demokrat.az


