Ötən gün bəzi sosial media səhifələrində Azərbaycan hərbi qulluqçuları tərəfindən erməni silahlı birləşmələrinin üzvlərinə qarşı qanunsuz əməllərə yol verilməklə saxlanılmış təxribatçıların atəşə tutulması iddia olunduğu görüntülər paylaşılıb. Hərbi Prokurorluq tərəfindən bu kateqoriyadan olan videolar üzrə onların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən digər bütün hallar tam və hərtərəfli araşdırılır.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Arzu Nağıyev Demokrat.az-a açıqlamasında bildirib ki, bu təxribatçı videolar təkcə Azərbaycan ordusunu nüfuzdan salmağa yönəlməyib:
“Bu, Azərbaycan ordusunu, ümumiyyətlə, azərbaycanlıları dünyaya bir insan haqlarını tapdalayan, insan hüquqlarını pozan, eyni zamanda vandal bir millət kimi göstərməyə çalışmaqdır. Bu, tək Azərbaycanı deyil, ümumiyyətlə, Türk dünyasını gözdən salmaq üçündür. Məlum məsələdir ki, çəkilən videolar hələ sübut olunmayıb. Onun hansı şəraitdə çəkildiyi, kimlər tərəfindən edildiyi məlum deyil. Təbii ki, bütün bunlara yaxın zamanda aydınlıq gətiriləcək. Məlumdur ki, son vaxtlar artıq sözləri bitmiş ermənilər bu məsələlərə əsasən insan hüquqlarından baxdırmağa çalışırlar. Bununla da, regionda ABŞ-ın, Fransanın görüşünü tez-tez təkrarlayırlar, müşahidəçilərin gətirilməsi məsələsini gündəmə gətirirlər. Təbii ki, bütün bunlar birmənalı şəkildə sülh müqaviləsinin imzalanmasını uzatmaq üçündür. Təbii ki, Azərbaycan rəhbərinin Bolqarıstana, Avropaya səfəri ərəfəsində bu məsələni yaymağın özü də məqsədyönlüdür. Çünki Azərbaycanın artan nüfuzu bəzilərini narahat edir”.
Millət vəkili əlavə edib ki, təəssüf ki, dünya ikili standartlıdır:
“Ermənistanın hansı bir dövlət olduğunu dünya görmür. 30 il milləti əsarətdə saxlamaq, vandalizm faktlarını, eyni zamanda Xocalı hadisəsini, Gəncə və Bərdədə baş verən dəhşətli hadisələri bunların gözləri görmür. Çünki ikili standartdan yanaşma var! Belə vicdansızlar var! Bunların bir məramı, məqsədi var. Sadəcə olaraq Azərbaycana qarşı nifrəti artırmaq, ikrah hissi yaratmaqdır. Əsas istəkləri son məqamda sülh müqaviləsini imzalamasınlar, delimitasiya və demarkasiya məsələsinə getməsinlər. Həmçinin, Zəngəzur dəhlizinin açılması məsələsini gündəmdən çıxatsınlar”.
Aynurə Demokrat.az


