Sosial

Uşaqpulu bərpa olunacaq — İqtisadçıdan VACİB AÇIQLAMA

Uşaqpulu bərpa olunacaq — İqtisadçıdan VACİB AÇIQLAMA

"Təkliflərimiz qəbul olunsaydı, 2015-ci ildə iki devalvasiya ilə üzləşməzdik".

Demokrat.az xəbər verir ki, bunu Yeniavaz.com-a İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, iqtisadçı alim Vüqar Bayramov beyin mərkəzlərinin hökumətin siyasətinə təsir imkanları barədə danışarkən deyib.

Beyin mərkəzlərinin ölkənin inkişafında rolu

Onun sözlərinə görə, son dövrlər inkişaf etmiş ölkələrin praktikası göstərir ki, beyin mərkəzləri ölkənin inkişafı baxımından çox vacibdir: "ABŞ-ın inkişaf modeli eyni zamanda daha çox beyin mərkəzlərinin dəstəklənməsi, onların inkişafının təşkil olunması üzərində qurulub. Beyin mərkəzlərinin dövlət siyasətinin formalaşmasına, xarici siyasətin həyata keçirilməsinə birbaşa təsir imkanları vardır".

Təkliflərimiz qəbul olunsaydı, devalvasiya ilə üzləşməzdik

Bu baxımdan V. Bayramov hesab edir ki, Azərbaycanda xüsusən 2015-ci ildən sonra beyin mərkəzlərinə maraq daha çox artıb:

"2015-ci ildən sonra hökumətin beyin mərkəzlərinə marağının artmasını müşahidə edirik. Bizim timsalımızda 2015-ci ilədək, yəni neftin bazar qiymətinin aşağı düşdüyü dövrədək təkliflərimizi hazırlayıb hökumətə təqdim etmişik. Kredit faizləri, neftin dünya bazar qiymətinin yüksək olduğu dövrdə manatın real məzənnəsinin alınması və manatın mərhələli şəkildə məzənnəsinin real məzənnəyə uyğunlaşdırılması ilə bağlı təkliflər etmişik. 2011-ci ilin mayında neftin qiyməti yüksək olanda və manatın məzənnəsi kifayət qədər möhkəm olanda Mərkəzi Banka manatın məzənnəsinin mərhələli şəkildə yumşaldılmasını təklif etmişdik. Çox təəssüf ki, bu qəbul olunmadı. Qəbul olunsaydı 2015-ci ildə iki devalvasiya ilə üzləşməzdik".

2015-ci ildən sonra hökumətin siyasətinə təsir edirik

2015-ci ildən sonra beyin mərkəzlərinə daha çox maraq müşahidə olunduğunu deyən ekspert diqqətə çatdırıb ki, müvafiq dövlət qurumları CESD-ə xüsusən inkişaf konsepsiyasının hazırlanması ilə bağlı müraciət ediblər:

"O cümlədən strateji yol xəritəsinin hazırlanmasına cəlb olunduq. 2015-ci ildən sonra hökumətin siyasətinə daha çox təsir etmək imkanlarımızın olduğunu düşünürəm".

Təkliflərimiz isti qarşılanmır

O qeyd edib ki, dövlət qurumlarına təqdim etdikləri təkliflər bəzən gec qəbul olunur:

"Məsələn, problemli kreditlərlə bağlı, yəni dollarda olan kreditlərə güzəştlərin edilməsi ilə bağlı 2018-ci ildə konsepsiya hazırlayıb təklif edəndə bəzi dövlət qurumları, hətta rəhbərləri bunun mümkün olmadığını bildirirdilər. Amma sonradan ölkə Prezidenti 2019-cu ilin fevralında imzaladığı fərmanla problemli kreditlərə güzəştlər edildi. Bəzi dövlət qurumlarına təqdim etdiyimiz təklflər, mexanizmlər isti qarşılanmır. Lakin təkliflərimizi ictimailəşdirərək, təbliğ edərək gündəmdə saxlamağa çalışırıq. Praktiki olaraq o məsələlər də qəbul olunur. Və ya uşaq pulunun bərpa edilməsi ilə bağlı mexanizm təqdim edəndə ona bəzi etirazlar olundu. Uşaq pulu ilə bağlı hələ rəsmi qərar olmasa da, güman edirik ki, uşaq pulunun bərpası mərhələli şəkildə həyata keçiriləcək. Belə ki, Prezident 3 yaşına qədər uşaqlara verilən müavinətin artırılması məsələsinə baxılması üçün tapşırıq verdi. Gələcəkdə bunun mərhələli şəkildə bərpa olunması mümkün olacaq. Bəzi hallarda hazırlanan mexanizm və təkliflərin qəbulu vaxt alır".

CESD kiminlə işləyir?

Sədri olduğu İSİM barədə məlumat verən V. Bayramov deyib ki, həm yerli, həm də xarici əməkdaşlarla işləyirlər:

"Mütəmadi olaraq xaricdən tələbələr qəbul edirik. ABŞ və Avropa ölkələrindən təcrübə keçmək üçün bizə müraciət edirlər. Belələrinin sayı çoxdur. Təcrübə proqramlarımız var. İldə 4 dəfə elan edilir. Yerli işçilərimizin sayı çoxdur. Çalışırıq ki, daha çox yerli kadrları cəlb edək. Növbəti il 15 illiyimiz tamam olacaq. Azərbaycanda ilk beyin mərkəziyik. 14 il ərzində işçilərimiz çox fərqli yerlərdə, müxtəlif dövlət qurumlarında, ictimai təşkilatlarda təmsil olunublar".

Ayrıca qanuna ehtiyac var

Azərbaycanda beyin mərkəzlərinin sayına gəlincə, həmsöhbətim bununla bağı konkret nəsə deməyin çətin olduğunu vurğulayıb:

"Çünki ölkədə digər ölkələrlə müqayisədə beyin mərkəzləri ilə bağlı ayrıca qanun yoxdur. Azərbaycanda yalnız ictimai təşkilatlar və qeyri-hökumət təşkilatları haqqında qanun mövcuddur. Təklif edirik ki, beyin mərkəzləri ilə bağlı ayrıca qanun olsun. Onların fəaliyyəti, o cümlədən qeydiyyatı ayrıca qanunla tənzimlənməlidir, bundan sonra ölkədə beyin mərkəzlərinin dəqiq sayını bilmək olar.

Xatırladaq ki, ABŞ-ın Pensilvaniya Universitetinin dünyanın aparıcı beyin mərkəzlərinin reytinqi ilə bağlı hazırladığı beynəlxalq hesabata əsasən İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi seçilib.

D
demokrat.az