Rusiya Prezidenti Vladimir Putin açıqlamasında bildirib ki, Qərb MDB məkanında yeni münaqişələrin qızışdırılması ssenariləri üzərində işləyir, bütün Asiya-Sakit okean regionunda risklər artır.O, vurğulayıb ki, Qərb istənilən ölkəni təhlükəyə atmağa, onu böhranın episentrinə çevirməyə, rəngli inqilab və qanlı qırğın törətməyə hazırdır. Maraqlıdır, ABŞ və Qərb ölkələri MDB məkanında nəyə nail olmağa çalışır?
Siyasi şərhçi Elçin Xalidbəyli Demokrat.az-a açıqlamasında bildirib ki, ABŞ və Qərb MDB məkanında Rusiyaya qarşı genişmiqyaslı rəqabət planı üzrə hərəkət edir. Analitikin fikrincə, indiyə qədər MDB məkanında mövcud olan bütün "münaqişə ocaqları"nın hamısı məhz Kremlin ssenarisinə əsasən yaradılıb: 
E.Xalidbəyli bildirib ki, Kreml bütün "münaqişə ocaqları" yalnız Rusiyanın nəzarəti altında qalmasında maraqlıdır:
“Əgər, bu nəzarət itirilərsə, Rusiya MDB ölkələrinə təzyiq və şantaj alətlərindən də məhrum olacaq. Nəticədə Rusiya bir çox regionlardan sıxışdırılıb çıxarılacaq, öz sərhədləri daxilinə həbs olunmuş vəziyyətə düşəcək. Hazırda Rusiya Ukraynada "savaş bataqlığı"na salınıb. Kremldə hesab edirlər ki, bunun əsas səbəbi məhz ABŞ və Qərbin qurduğu planlarla bağlıdır. Eyni zamanda, Cənubi Qafqazda, Orta Asiyada və Moldovada da Rusiyanı sıxışdırıb, mövqelərinin zəiflədilməsinə israrlı cəhdlər göstərilir. Artıq müəyyən nəticələr də mövcuddur. Kreml bundan ciddi şəkildə narahatdır. Ona görə də, Kreml dolayısı ilə ABŞ və Qərbi vaxtilə Rusiyanın yaratdığı, hazırda isə "dondurulmuş" vəziyyətdən çıxarılıb, aktivləşdirilməkdə olan "münaqişə ocaqları"nı müharibələrə çevirmədə suçlayır. Çünki "dondurulmuş münaqişə ocaqları" aktivləşdirilərsə, onların savaşa çevrilməsi də qaçılmaz xarakter daşıyır. Yəni, belə anlaşılır ki, ABŞ və Qərb Rusiyanı əsas geopolitik alətlərindən məhrum etməklə, küncə sıxışdırmağa başlayıb”.
Aynurə Pənahqızı Demokrat.az


