O, Xocalı dəhşətini bütün iliklərinə qədər yaşamış bir insandır. 1992-ci ildə Xocalı qətliamında – ermənilərin əsir götürdüyü yüzlərlə qız-gəlin arasında 20 yaşlı Dürdanə Ağayeva da vardı. Düz 8 gün həyatının cəhənnəmini yaşayır. Və hər an Allahdan ölüm diləyir, amma… Onun qismətində yaşamaq vardı: sağ qalıb, erməni vəhşiliyini dünyaya car çəkmək üçün… Onun qisasının alındığı günü görmək üçün…
Dürdanə Ağayeva 27 sentyabr – Anım Günü ilə bağlı fikirlərini Demokrat.az-a bölüşüb:
“Bu gün bizə yenidən namus, qeyrətimizi, qürurumuzu qaytaran, bizə qələbəni hədiyyə edən, torpaqlarımızı qanıyla, canıyla geri qaytaran İgid Şəhidlərimizə Allah rəhmət eləsin! Mən erməni qurbanı olan, gəncliyimi, sağlamlığımı məhv edən düşmənimə zərbə vuran, mənim qisasımı alan və eləcə də Azərbaycan kişisinin yerə düşən papağını ucaldan Şəhidlərimizin yatdığı məzara qurban olum. Allah yaralı Qazilərimizə şəfa versin. Mən bu gün Azərbaycan ordusuyla fəxr edirəm, mən bu gün əsgərimlə fəxr edirəm. Allah Ali Baş Komandana can sağlığı versin ki, “irəli əsgər!” söylədi və 30 illik həsrət bitdi. 30 illik həsrəti bitirən, bizi torpaqlarımıza qaytaran igid oğullar bizim qəlbimizdə əbədi yaşayacaq”. 


