Siyasət Özəl

Azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına xidmət edir

Azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına xidmət edir

Azərbaycançılıq ideologiyası XIX əsrin sonu XX əsrin əvvəllərində təşəkkül taparaq formalaşmış və bir əsr ərzində davamlı təkamül yolu keçmişdir. Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır. Çoxmillətli Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir. Azərbaycançılıq xalqımızın çox əzab-əziyyətlər bahasına nail olduğu tarixi sərvətdir. Bu, ilk növbədə, vahid və bölünməz Azərbaycanın qorunub saxlanılması və möhkəmləndirilməsinin siyasi əsasıdır.

Azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına xidmət edir
Azərbaycançılıq ölkə ərazisində yaşayan xalqın həmrəyliyi ilə məhdudlaşmır. Bu ideologiya həm də Azərbaycanın müstəqilliyini arzulayan, onun güclənməsini istəyən insanları birləşdirir.Azərbaycançılıq xalqın milli-mənəvi varlığının ilkin əlamətlərini, onun kimliyini əks etdirən, milli təfəkkürünü birləşdirən dəyərlər sistemidir. Bu dəyərləri cəmləşdirən dil, ərazi, vətəndaşlıq, adət-ənənə və ideoloji birlik azərbaycançılıq ideologiyasının əhatə dairəsini sərhədsiz edir. Azərbaycandan kənarda yaşayan soydaşlarımızla yanaşı, milliyyətindən asılı olmayaraq Azərbaycanın müstəqilliyini, birliyini və hüquqi, demokratik dövlət kimi inkişafını arzulayan hər bir kəs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır. Bu məfkurə geniş əhatə dairəsi ilə yanaşı, konkret məqsədlər də güdür. Azərbaycanda azad vətəndaş cəmiyyətinin inkişafına və güclü dövlət quruculuğuna xidmət edir. Bu gün ölkəmizdə azərbaycançılıq ideologiyasının təbliği istiqamətində hansı işlərin görüldüyünü müsahiblərimizdən soruşduq.

Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, siyasi şərhçi İlyas Hüseynov Demokrat.az-a açıqlamasında bildirib ki, azərbaycançılıq ideologiyasının təbliği ölkəmiz üçün çox önəmlidir:

Azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına xidmət edir
“İlk növbədə qeyd etməliyik ki, bu ideologiyanın əsas memarı ulu öndər Heydər Əliyevdir və Azərbaycan çoxmillətli dövlət olduğu üçün bu ideologiya çox mühüm əhəmiyyət kəsb edir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanda etnik azlıqlar var və çoxmillətlilik Azərbaycanın hazırda üstün cəhətidir. Biz bunu Vətən müharibəsi dövründə də müşahidə etdik. Millətindən, dinindən asılı olmayaraq hər kəs silaha sarıldı və vahid Vətənin müdafiəsinə qalxdı. Bu, bizim gücümüzə güc qatan amil idi. Ermənistan təbliğat maşını uzun illərlə Azərbaycanda sırf etnik zəmində bir sıra narazılıqlar, münaqişələr, çaxnaşmalar, iğtişaşlar yaratmağa cəhd göstərmişdir. Lakin onların bu cəhdləri baş tutmadı. Ermənistan parlamentində Vətən müharibəsindən öncə, eləcə də Vətən müharibəsi dövründə sırf Azərbaycandakı etnik azlıqlara yönəlik bir sıra çıxışlar var idi və bu çıxışlar ölkəni parçalamaq, vətəndaş müharibəsi astanasına qoymaq niyyəti daşıyırdı. Lakin Ermənistanın bu niyyətləri də puça çıxdı. Və ölkəmizdə multikulturalizm və tolerantlıq siyasətinin həyata keçirilməsinin bəhrəsini gördük”.
Azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına xidmət edir
“Çoxları multikulturalizmin sonunun çatdığını bildirsələr də, Azərbaycan bu öz siyasəti ilə getdi və Azərbaycanın yerləşdiyi geosiyasi məkan və ölkəmizdəki etnik qruplar istiqamətində aparılan siyasət dünyada nümunə kimi göstərilir. Azərbaycanın multikulturalizm modeli haqqında dünyanın aparıcı universitetlərində mühazirələr oxunur. Bu da ölkəmizin azərbaycançılıq ideologiyasına nə qədər sadiqliyini nümayiş etdirir. Düşünürəm ki, bu ən unikal modeldir. Buna qədər irəli sürülən hər hansısa yanaşmalar çox qüsurlu olmuşdur. Bu da ölkəmizdə narazılığın yaranmasına səbəb olmuşdur. Həm torpaq itkisi də bu və ya digər formada həm də ölkədə aparılan doğru siyasətin olmaması, hakimiyyətin səriştəsizliyi və ordumuzun təkmil şəkildə formalaşmaması ilə bağlı idi. Lakin düşünürəm ki, yeni reallıqlarda multikulturalizm modelinin inkişaf etdirilməsi, azərbaycançılıq ideologiyası siyasətinin davam etdirilməsi mühüm aktuallıq kəsb edir”.
Azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına xidmət edir
Ekspertin sözlərinə görə, Azərbaycanın Vətən müharibəsi daxil olmaqla, bütün uğurlarında bu amil özünü göstərir:

“Azərbaycan nəinki ölkə daxilində azərbaycançılıq siyasətinə diqqət yetirir, eyni zamanda sivilizasiyalararası dialoqun qurulmasında da təşəbbüslərlə çıxış edir. Azərbaycanda BMT-nin sivilizasiyalararası dialoqunun keçirilməsi, Bakı forumlarının, humanitar forumların həyata keçirilməsi bu məsələ ilə bağlı olan bütün mütəxəssislərin dialoq platformasına çevrilir. Son illər biz görürük ki, mədəniyyət paytaxtımız Şuşada bir sıra diskussiyalar keçirilir. Şuşa diskussiya mərkəzi rolunu oynayır. Düşünürəm ki, gələcəkdə də müəyyən infrastrukturun, otel komplekslərinin istifadəyə verilməsi bütün dünyadan məhz ideoloji və multikultural məsələlərin müzakirəsi üçün ən əsas məkan elə bizim əziz Şuşamız seçiləcək. Çünki Şuşa unikal təbiəti ilə həm də dünya xalqları arasında olan problemlərin həll olunmasına da düşünürəm ki, töhfə verə bilər və bu, çox önəmli bir məsələdir. Çünki yeni geosiyasi reallıqlar da məhz barışdırıcı və sülh çağırışları ilə çıxış edən bir məkan kimi Şuşanın seçilməsi çox doğru bir addımdır. Biz artıq arxada qalan dövrə baxanda görürük ki, bir sıra uğurlu tədbirlər Şuşada keçirilmişdir və müxtəlif istiqamətləri əhatə etmişdir. Düşünürəm ki, gələcəkdə də azərbaycançılıq ideologiyasının təbliğinə mühüm yer ayrılacaq və dövlət siyasətinin ən önəmli komponentlərindən birini təşkil edəcək”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov saytımıza açıqlamasında bildirib ki, azərbaycançılıq ideologiyasın təbliği çox önəmlidir:

Azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına xidmət edir
“Cənab Prezidentin azərbaycançılıq ideyasının təbliğində, uğurla icra olunmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun birinci vitse-prezidenti Leyla xanım Əliyevanın müstəsna rolu və xidmətləri var və bu istiqamətdə ciddi fəaliyyət göz önündədir.
Azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına xidmət edir
Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Azərbaycan dövlətinin, dövlətçiliyinin güclənib, qüdrətlənməsi istiqamətində əlin gələni əsirgəməməlidir. Hər bir kəs azərbaycançılıq ideologiyasının bizi birləşdirən meyar olmasını əsas tutmalı və buna uyğun əməli fəaliyyət sərgiləməlidir. Ümumiyyətlə, çalışmalıyıq ki, gənclərimiz azərbaycançılıq ideologiyasında yetişsinlər. Hər birimiz çalışmalıyıq ki, bu ideologiya gənclər arasında daha çox yayılsın. Ölkəmizin daha da güclü olması üçün əlimizdən gələni əsirgəməməliyik. Hesab edirəm ki, universitetlərdə bu istiqamətdə ciddi təbliğat işləri aparılmalıdır”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu - Azərbaycançılıq ideyasının təbliği

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az