Rusiya prezidenti Vladmir Putinin qismən səfərbərlik haqqında fərmanı ölkədə ajiotaj yaradıb. Sosial mediada yayılan xəbərlərdən görünür ki, əhalinin böyük əksəriyyəti bu xəbəri narazılıqla qarşılayıb. Artıq paytaxt Moskva da daxil olmaqla bir neçə iri şəhərdə kütləvi etiraz aksiyaları keçirilib. Minlərlə insanın qatıldığı anti-rejim aksiyalarında Putin hakimiyyətinin əleyhinə şüarlar səsləndirilib, habelə hakimiyyətdən Ukraynadakı işğalçı müharibənin dayandırılması tələb olunub. Məlumdur ki, Rusiyada 2 milyonadək azərbaycanlı işləyir və yaşayır. Onların bir hissəsi bu ölkənin vətəndaşlığını qəbul edib, qalan hissəsi də iş icazələri ilə müvəqqəti qeydiyyatdadırlar. Bu da var ki, Rusiya vətəndaşlığı olan azərbaycanlılar hakimiyyətin səfərbərlik tələbindən yayına bilməyəcəklər. Belə olan halda Rusiyadakı azərbaycanlılar nə etməlidirlər?
Ağ Partiyanın sədri Tural Abbaslı Demokrat.az-a açıqlamasında bildirib ki, burada məsələ iki istiqamətdədir. Onun sözlərinə görə, bunun bir hüquqi, bir də mənəvi-psixoloji tərəfi var:
“Mənəvi-psixoloji tərəfi odur ki, biz Rusiyanın Ukraynada yürütdüyü işğalçılıq siyasətini əleyhinəyik. Ona görə də, orada işğalçı tərəfdən iştirakın tərəfdarı deyilik. Soydaşlarımızın belə işğalçı müharibədə iştirakının tərəfdarı deyilik. Çalışmalıyıq ki, vətəndaşlarımız dünyanın harasında yaşayır yaşasın, hansı ölkənin vətəndaşı olur-olsun bu iğtişaşda işğalçı tərəfdən iştirak etməsinlər. Ümumən götürəndə mənim öz subyektiv fikrim belədir ki, ümumiyyətlə, biz başqa dövlətlərin azadlığı uğrunda, vətəndaşlarımızın vuruşmasına maraqlı olmamalıyıq. Onsuz da özümüz müharibə şəraitindəyik. Əgər illahla da kimləsə müharibə aparmalıyıqsa, döyüşməliyiksə, öz Ana Vətənimiz uğrunda döyüşə hazır olmalıyıq! İkinci tərəf isə bilirsiniz ki, Rusiya vətəndaşlığını qəbul etmiş soydaşlarımız var və onlar artıq faktiki olaraq hüquqa əsasən Rusiyanın vətəndaşları sayılır. Tutaq ki, Əliyev Zakirin orada Teprov İvanovla heç bir fərqi yoxdur. Yəni, o da Rusiya vətəndaşı sayılır, onların istər sərhəd buraxılış məntəqələrindən buraxılması, qismən hərbi səfərliyə cəlb olunmaları eyni prosedurla gedir. Biz dövlət olaraq gedib ona deyə bilmərək ki, bizim soydaşımızdır. “Bunu ver, aparım”, deyə belə bir anlayış yoxdur və qanunvericilikdə təsbit olunmayıb. Biz tutaq ki, dövlət olaraq xüsusi çarter reyslər təşkil etdik ki, soydaşlarımız azad şəkildə Azərbaycana gəlsinlər. Amma onlar da rus vətəndaşlığı var deyə, onları sərhəddən qanunvericiliyə uyğun buraxmayacaqlar. O baxımdan dövlət olaraq hüquqi-siyasi baxımdan ata biləcəyimiz addımlar məhdudur”.
“Amma, təbii ki, insanlarımız döyüşmək istəmirsə, Azərbaycan vətənləridir. Rusiyanın da necə bir dövlət olduğunu bilirik. Korrupsiya, rüşvətin baş alıb getdiyi ölkələrdən biridir. Yəni, müxtəlif vasitələrlə çıxıb öz vətənlərinə qayıda bilirlər, vətənləri onlara qucaq açar. Çünki bizim bir çox halda Rusiya vətəndaşlığını və başqa ölkələrin vətəndaşlığını qəbul etmiş soydaşlarımız Azərbaycan vətəndaşlığını da saxlayırlar və dövlətə daxil olarkən Azərbaycan şəxsiyyət vəsiqələrini təqdim edib, Azərbaycanın tam hüquqlu vətəndaşı kimi dövlətdə yaşaya bilərlər”, - deyə partiya sədri əlavə edib.
Aynurə Demokrat.az


