Rusiya Prezidenti Vladimir Putin Rusiyada qismən səfərbərlik elan edib. Politoloqların fikrincə Putinin səfərbərlik əmrindən sonra Ukraynada müharibə yeni mərhələyə keçəcək və daha qanlı olacaq. O cümlədən ABŞ və Avropanın müharibəyə cəlb olunma ehtimalı da gündəmdədir.
Mövzu ilə bağlı politoloq Anar Əliyev Visiontv.az saytına açıqlama verib.
Poilitoloqun fikrincə Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən artıq 7 ay keçib:
"Bu vaxt ərzində kifayət qədər ciddi problemlər yarandı. Xüsusilə də minlərlə insan həyatını itirdi. Demək olar ki, Ukraynanın 30 faizdən çox ərazisi darmadağın edildi. İnfrastruktur məhv olub. Bəzi məlumatlara görə 15 milyondan artıq insan məcburi köçkünə çevrildi. Əslində baş verən proseslər bir bölgəni əhatə etmədi. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi qlobal dünya proseslərini ciddi şəkildə çalxalamış oldu.
Həm də dünya iqtisadiyyatına pandemiyadan sonra ciddi zərbələr vurdu. Bir çox dövlətlərin iqtisadiyyatının kiçilməsinə və vətəndaşların maddi itkilərlə üzləşməsinə gətirib çıxartdı. Hesab edirəm ki, Qərbin Rusiyaya qarşı həyata keçirdiyi mübarizə istiqamətində Ukrayna ciddi təhriklə Rusiya ilə müharibəyə cəlb edildi. Çox təəssüf ki, Amerika və Qərbin planlarına uyğun olaraq Rusiya - Ukrayna müharibəsi bu gün də davam edir.
Yaxın müddətlərdə bitmə ehtimalı da görünmür. Rusiyanın Ukrayna ərasizində 7 aydan artıq reallaşdırdığı hərbi əməliyyatlar müxtəlif istiqamətlərdə Rusiya ordusunun müəyyən çatışmazlıqlarını üzə çıxartmış oldu.
Xüsusilə də xeyli sayda canlı itkilərlə üzləşən Rus ordusu artıq yeni canlı qüvvəyə ehtiyac duyur. Ordunun yenidən hərbi birləşmələrin komplektləşdirilməsinə ehtiyac duyulur. Bunları nəzərə alan Putin müharibənin davamlı xarakter almasına xidmət edən bir sıra qərarlar qəbul edibdir. Rusiyada qismən səfərbərliyin elan olması buna əyani sübutdur. Bu bir daha onu göstərir ki, Rusiya Qərb tərəfindən Ukraynada böyük bir bataqlığa düşdüyünün fərqindədir. Rusiya müxtəlif vasitələrdən istifadə etməklə prosesi uzatmağa çalışır.
Əslində Rusiyanın gözlədiyi çox ciddi bir zaman və tarix var. Düşünürəm ki, Putin və onun komandası soyuqların düşməsi ilə əlaqədar qazla bağlı tətbiq etdiyi məhdudiyyətlər fonunda Avropanı Ukraynaya verdiyi dəstəkdən çəkindirməyə çalışır.
Bu addımlar, beynəlxalq dəstəkdən məhrum olan Ukraynanın diz çökdürülməsinə və Rusiyanın tələbləri ilə razılaşdırılmağa hesablanıbdır.
Burada vacib addımlardan biri də bu günlərdə Rusiya tərəfindən qəbul edilən Donetsk və Luqanskda Referendumun keçirilməsi ilə bağlı qərardır.
Hansı ki, bu qərarın qəbul edilməsində əsas hədəf referendum keçirməklə yerli əhalinin rəyi əsasında bu ərazilərin Rusiyaya birləşdirilməsi prosesinin tamamlanmasıdır. Rusiya hökumətinin burada bir neçə ciddi hədəfləri var.
Birincisi bu gün Rusiya tərəfindən muzdlular döyüşür.
Əsas hərbi qələbələrin əldə olunmasında həmin muzdluların çox böyük rolu olubdu. Amma ölkə ərazisindən kənarda döyüş apardıqları üçün onlara çox böyük maliyyə vəsaiti ayrılır.
Həmin əraziləri Rusiya ərazisi elan etməklə rəsmi Kreml ciddi maliyyə xərclərinin qarşısını almağa çalışacaq. Eyni zamanda burada çox qorxulu bir ssenari işə düşməkdədir. Çox təhlükəli ssenarilərdən biri də Rusiyanın nüvə başlıqlarından istifadə etməklə Qərbi, ABŞ - ı fakt qarşısında qoymasıdır.
Bununla da Ukraynaya edilən dəstəyin mümkün qədər azaldılmasını planlaşdırır. Mən hesab edirəm ki, belə bir ssenari baş verərsə bu nəinki bölgə, Ukrayna dövləti üçün, bütövlükdə dünya üçün böyük problemlərə gətirib çıxara bilər.
Klassik dünya düzəni artıq özünü doğrultmadığını göstərir. Böyük dövlətlət yeni dünya düzəni formalaşdırmaq və nəzarət mexanizmlərini yaratmağa çalışırlar.
Bu prosesdə Qərb Rusiyanı kənarda qoymağa çalışır. Amma təbii ki böyük bir güc olaraq Rusiya yeni dünya düzəni formalaşdırılması və bu düzənin nəzarətinin həyata keçirilməsi prosesində iştirak etmək iddiasındadır.
Baş verənləri həm də bu istiqamətdə qiymətləndirmək lazımdır. Lakin müharibənin taleyini ciddi şəkildə həll edə biləcək Ukraynaya dəstəyin verilməməsi də onu göstərir ki, Qərb də məqsədli şəkildə müharibənin daha da uzanmasını, Rusiyanın uzunmüddətli bir müharibəyə sürüklənməsini planlaşdırır.
Əslində ABŞ və Qərb üçün Ukraynanın üzləşdiyi bəlaların onlar üçün heç bir əhəmiyyətinin olmadığını nümayiş etdirir.
Çünki ABŞ və onun müttəfiqləri Ukraynanın azadlığını mühüm istiqamət kimi qiymətləndirsəydi onlara daha ciddi dəstək nümayiş etdirilərdi. Müharibənin taleyini ciddi şəkildə dəyişə biləcək hərbi texnika təqdim olunardı. Bununla da Rusiyaya daha ciddi zərbələr vurmaqla qısa müddət ərzində işğal faktının aradan qaldırılmasına gətirib çıxara bilərdi. Müharibə də bitərdi. Amma Ukraynaya verilən hərbi yardımlardan görünür ki, Qərb heç də Kiyevin əks - hücum həyata keçirərək ərazilərinin azad olunmasını istəmir. Çox təəssüf ki, bu bu proseslər reallaşarsa ABŞ və Avropanın bu münaqişədə tərəf kimi yer alması zərurəti ortaya çıxmış ola bilər. Bu isə faciənin miqyasının ölçüyə gəlməyəcək dərəcədə böyüdülməsinə gətirib çıxardacaq.”


