“ABŞ dövlət katibi Antoni Blinkenin üçtərəfli görüşlə bağlı addımı yüksək qiymətləndirilməlidir, çünki ABŞ Konqrəsinin Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosinin Ermənistana səfəri, onun verdiyi mesajlar bölgədə çox kövrək olan sülhə zərbə vururdu. Bu, özü-özlüyündə Amerikanın bölgədə apardığı proseslərə mənfi təsir edirdi. İki gün öncə Prezident İlham Əliyevlə telefon gölüşməsinə dair qısa məlumat paylaşarkən, Blinken kifayət qədər balanslı terminlərdən istifadə etmişdi. Yeri gəlmişkən, təəssüf olsun ki, Azərbaycan informasiya məkanında bəzi saytlar, o cümlədən sosial şəbəkələrdə “hərbi qüvvələrin geri çıxarılması” kimi bir tələbdən çıxış edildiyi söylənmişdi. Halbuki, bir media təmsilçisi kimi, Blinkenin rəsmi profilinə Ağ Evdə baxsanız görəcəksiniz ki, burada “hərbi qüvvələrin ayrılmasından” söhbət gedir. Şübhəsiz ki, erməni informasiya xəbər məkanı bu cür təhriflə cəmiyyəti xeyli sakitləşdirmişdi ki, baxın, Birləşmiş Ştatlar Azərbaycandan ciddi hərbi-siyasi tələblərdə bulunur. Bu isə avtomatik olaraq, tamamilə Qərb cinahının danışıqlar platformasının məhvi demək olardı. Çünki cənab İlham Əliyev Filip Rikeri qəbul edəndə hər iki tərəfin paylaşımlarına diqqət etsəniz görəcəksiniz ki, o, Minsk qrupu həmsədri kimi deyil də, Qafqaz üzrə nümayəndə kimi təqdim olundu. Bu, daha düzgün yanaşmadır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc Nyu-Yorkda ABŞ dövlət katibi Antoni Blinken, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüşü şərh edərkən deyib.
O, əlavə edib ki, Prezident İlham Əliyev Qarabağ məsələsi üzrə hər hansı bir formatın qalmadığını, amma Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması yolunda hansı dövlət yer almaq istəyirsə, bu istiqamətdə addımları təqdirəlayiq saydığını göstərmişdi:
“Belə ümumiləşdirə bilərik ki, Prezident İlham Əliyevin diplomatik siyasi iradəsi Birləşmiş Ştatlar tərəfindən ehtiramla qarşılanır, qəbul olunur və Ermənistanın gözləntiləri bu sırada özünü doğrultmadı. Yəni, xüsusi olaraq Azərbaycandan ultimativ tələblər, onu BMT-də qətnaməyə çevirmək, ardınca sanksiyalar, həmçinin Ermənistana hərbi maliyyə yardımlarının göstərilməsi. Təxminən belə bir xətt üzrə proses getməli idi və ən sonda isə Qarabağa Kosovo modelinin tətbiq edilməsi kimi belə bir maksimalist plan nəzərdə tutulmuşdur. Təsadüfi deyil ki, Paşinyan Pelosi ilə görüş öncəsi Kollektiv Təhlükəsiz Müqaviləsi Təşkilatından çıxmağa dair küçə meydanlarına yönəldilmiş və xeyli də təşkil olunmuş plakatları ilə bilavasitə rəsmi orqanlar tərəfindən diqtə edilmiş yazılan şüarlarda Rusiya və Azərbaycanın birgə aqressiyası, həmçinin də Amerikanın Ermənistanı bu məsələlərdə tamamilə himayəsinə götürməsi tələb edilmişdi. Bütün bunları ona görə söyləyirəm ki, hazırda avtomatik olaraq əgər həmin mövqelər qəbul edilsəydi, bu halda Birləşmiş Ştatların rəhbərliyinin dünən iki xarici işlər nazirini bir araya gətirməsi faktı qeyri-mümkün olardı. Bu, o deməkdir ki, sülh prosesi müəyyən mənada xilas olundu. Demək ki, sinxron şəkildə faktiki olaraq Şarl Mişel ATƏT Minsk qrupunun, yəni artıq ləğv olunmuş, heç bir varlığının əsası qalmayan o formatı əvəz edən bir prosesdədir. Yəni, Avropa Birliyinin rəhbəri olaraq onun bilavasitə Amerika ilə sinxron işlədiyinə heç bir şübhə yeri yoxdur. Çünki Qərbdə əsas siyasi hegemon edən bir paytaxt var, o da Vaşinqtondur”.
Z.Orucun fikrincə, belə şəraitdə əgər dünən o danışıqlar keçirildisə, avtomatik olaraq hər iki tərəf dördüncü Brüssel görüşünün məramına sadiq qaldı və bu ay yəqin ki, növbəti raund danışıqları keçirməyə çalışacaqlar:
“Bu, şübhəsiz ki, müəyyən qədər cəmiyyətlərin təzyiqləri fonunda baş verəcək. Çünki həqiqətən də, cənab Prezident qeyd etdiyi kimi, sonuncu təxribatlar sülh prosesinə xeyli zərbə vurdu və bu sırada bir sıra beynəlxalq qurumların, təşkilatların, həmçinin dövlətlərin təxribatçı mövqeləri həddən artıq, bu anti-Azərbaycan mövqelərinə yuvarlanmaları öz-özlüyündə nəinki Ermənistanı xilas etmədi, əksinə bölgədə dediyimiz daha növbəti münaqişələrin, toqquşmaların sanki zəmininə çevrildi. Belə şəraitdə əminəm ki, Birləşmiş Ştatlar ən azı noyabrda da dövlət rəhbərlərinin, yəni Prezident İlham Əliyevin və baş nazir Paşinyan arasındakı görüşün qüvvədə qalması yönündə tərəflərdən müəyyən zəmanət almağa çalışır. Ancaq İlham Əliyevin Putinlə görüşdə söylədiyi ifadəni xüsusi vurğulamaq istəyirəm. Dövlət rəhbəri bildirdi ki, Qafqazlarda sülhün təmin olunmasında Azərbaycan maraqlıdır. Mən bu sözü xüsusi niyə məhz belə şəkildə vurğulayıram? Çünki bizim ölkəmiz nəinki iki dövlət arasındakı münasibətləri, bütövlükdə Qafqazın taleyini həll edəcək bir statusdadır. Bunun Qərbdə də, Şərqdə də bilirlər. O üzdən əlbəttə ki, Rusiya KTMT-nin formatını dağıtmağa çalışan və bölgədə ikinci cəbhə yaratmağa cəhd edən qüvvələrin planlarını bilir. O cümlədən Ermənistanın Parlament rəhbərinin açıq mətnlə təhdidlərini və tarixin 100 il əvvəlki dövründə olduğu kimi, həmişə həlledici zamanda, indiki şəraitdə də çarizm, rus imperiyası süqut edib, "mən Qərbə sığınım özümə bu planla dövlət qurum" deyənlərin eynən övladları bu gün həmin xətti aparır. Rusiya, Ukrayna məkanında çox ciddi zərbələr alır. Belə şəraitdə mənə yeni paytaxt və orbit lazımdır addımlarını atan dövlət faktiki olaraq bölgədə bir anti-Rusiya cəbhəsi açmaqda davam edir. Bu minvalla daha çox demokratik dünyanın, Ukrayna kimi hərbi-siyasi maliyyə yardımı alacaqdır, əksinə Azərbaycana da ciddi sanksiyalar tətbiq edəcəkdir. Yəni, bunların hazırki dövrdə fəaliyyəti bu istiqamətdədir”.
"Ümidvaram ki, yaxın zamanlarda sülh prosesi yenidən bərpa olunacaq. Çünki Ermənistanda hər hansı bir üçüncü qüvvə, onun lideri həm xalqın böyük rəğbətinə, xüsusilə də, ordunu ayağa qaldıraraq bölgədəki hərbi-siyasi balansı öz xeyirlərinə dəyişməyə qadir deyil. Bu, birmənalıdır. Belə şəraitdə Azərbaycan əldə etdiyi mühüm hərbi yüksəklikləri siyasi danışıqları, diplomatik platformaya daşıyaraq nəyin bahasına olursa-olsun üç məsələdə istəklərinə nail olacaq. Birincisi, Naxçıvana gedən quru yolları və nəqliyyat dəhlizləri açıqlacaq. İkincisi, Ermənistan Azərbaycanla mühüm bir sənədin imzalanmasının alternativi son zərbələrdən sonra bilinməyəcək. Üçüncüsü, Qarabağda olan hansısa özünümüdafiə, daxili qoşunlar adı altında olan qüvvələrini yenidən formatlandırmağa məcbur olacaqlar. Bu şəraitdə yekun olaraq cəmiyyətimiz, xalqımız görəcək ki, bu hərbi əməliyyatlar 44 günlük müharibənin davamıdır və bu Zəfər salnaməmizi irəliyə aparır”- deyə, sonda millət vəkili qeyd edib.
Aynurə Pənahqızı Demokrat.az


