“Azərbaycan və Ukrayna arasında daima normal münasibətlər olub. Əsas məqam da ondan ibarətdir ki, Azərbaycan daima Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Hətta, müharibə vaxtı da Cənab Prezidentin tapşırığı ilə Ukraynaya humanitar yardımlar göndərilib və bu istiqamətdə ciddi addımlar atılıb”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib. Deputat vurğulayıb ki, hər bir dövlətin xarici siyasətində öz maraqları var:
“Bu gün Ukraynada elə xaotik vəziyyət yaranıb ki, Ukrayna mediası demək olar ki, bir neçə hissəyə parçalanıb. Burada həm Qərbi, həm də Rusiyanı dəstəkləyənlər var. Eyni zamanda, orta bir səviyyədə özünün mövqeyini saxlayanlar da var. Ona görə də, birmənalı şəkildə demək ki, “Ukrayna mediası Azərbaycana qarşı qərəzlidir”, bu, inandırıcı görünmür. Təbii ki, Qərbdən maliyyələşən media kiminsə tapşırığını yeriən yetirə bilər, hətta kiminsə maliyyə dəstəyini aldığı üçün onun dediyini deyə bilər. Lakin birmənalı şəkildə orada ermənipərəst qüvvələr də ola bilər. Onlar bugünkü yaranmış xaotik vəziyyətdən Azərbaycan əleyhinə istifadə edə bilərlər. Əsas məqam odur ki, Rusiya-Ukrayna münaqişəsindən, Azərbaycan-Ermənistan münaqişəsindən istifadə edən bir çox erməni və onların havadarları çalışır ki, Azərbaycan-Ukrayna münasibətlərinə xələl gətirsinlər. Birmənalı şəkildə Azərbaycan daimi Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə bərabər, bütün ən mötəbər kürsülərdə də bu barədə açıqlamalar verib”.
Millət vəkili əlavə edib ki, Azərbaycan mediası heç vaxt qərəzli mövqe ilə Ukraynaya qarşı olmayıb:
“Bir daha qeyd etmək istəyirəm ki, nə Ukrayna hakimiyyəti, nə də Ukrayna dövlətinin rəhbərliyi Azərbaycana qərəzli yanaşır. Bu gün bizim mövqeyimiz balanslı siyasətdir. Biz düşmənimizin də, dostumuzun da kim olduğunu bilirik. Bu istiqamətdən də öz daxili və xarici siyasətimizi qururuq. Ukrayna mediasında da Azərbaycan həqiqətlərini daim göstərən istər yutub kanalları, istər sosial şəbəkələr, istərsə də media qurumları da var. Birmənalı şəkidlə demək olmaz ki, Ukrayna mediası Azərbaycana qarşı qərəzlidir”.
Aynurə Pənahqızı Demokrat.az


