Gündəm Özəl

Deputat: “Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq xüsusi önəmə malikdir”

Deputat: “Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq xüsusi önəmə malikdir”

“Bu gün Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq xüsusi önəmə malikdir”

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib. Deputat qeyd edib ki, dövlət başçısının sammitə dəvət olunması onun beynəlxalq miqyasda yüksək nüfuzunun bariz göstəricisidir:

“Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alması və həmin tədbirlərdə iştirakı ölkəmizin beynəlxalq aləmdə artan imicinin göstəricisidir. Qeyd edim ki, Çin, Rusiya, Pakistan, Hindistan və Orta Asiya ölkələrini birləşdirən belə mühüm beynəlxalq platformada Azərbaycanın iştirakı da müsbət bir hal kimi dəyərləndirməlidir. Çünki bu təşkilatda Avrasiya dövlətləri olduğuna görə, onlarla əlaqələrimizin inkişafı olduqca vacibdir. Bütün dövlətlərlə iqtisadi, siyasi, hərbi təhlükəsizlik baxımında münasibət qurmaq vacib məsələ hesab olunur. Düzdür, Azərbaycan hələ onun üzvü deyil. Biz bu gün Qoşulmama Hərəkatının üzvüyük və ona görə də, hərbi bloka və ya digər bloklara qoşulmağımıza birmənalı şəkildə icazə verilməyib”.

Deputat əlavə edib ki, Cənab Prezidentin uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionda ən nüfuzlu dövlətə çevrilməkdədir:

“Azərbaycanın ŞƏT-də müşahidəçi statusu alması bu nüfuzlu qurum üçün də böyük önəm daşıyır. Biz Asiya regionunda da partnyorlarımız olmasında maraqlıyıq. Sirr deyil ki, bu dövlətlərlə ikitərəfli əlaqələrimiz var, amma ümumi olaraq bundan sonra da bu əlaqələrin inkişafı mühüm amildir”.

Aynurə Demokrat.az

D
demokrat.az