“Qardaşım deyirdi ki, ya milli qəhrəman olacam, ya da general. Arzusu qismət olmadı”.
Oxu.Azxəbər verir ki, bu sözləri şəhid Ravil Hümbətovun bacısı Sevda Babayeva qardaşının dəfn mərasimində mətbuata açıqlamasında deyib.
O bildirib ki, qardaşı bu il komando təlimində birinci yerə çıxmışdı:
“Ravil sevə-sevə hərbçi olmuşdu. Hərbi təlimlərə qatılırdı. Xüsusi təyinatlı idi. Baxmayaraq ki, tam başqa sahə üzrə təhsil almışdı Vətənini hər şeydən çox sevirdi. 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Döyüşlərdə göstərdiyi şücaətə görə beşmedalla təltif edilib.
Vətəninə, millətinə layiqli övlad idi. Ailəli idi, iki gül balası qaldı. Körpə balası beşaylıqdı, cəmi üç gün gördü balasını. Sonuncu dəfə biray qabaq danışmışdıq. Qardaşım Cəbrayılın işğaldan azad olunmasında iştirak edib. Altıyaşında çıxdığı rayona silahla geri qayıtdı. Laçına qədər gedən döyüşlərdə vuruşub.
Amma sentyabrın 12-də Ermənistan Silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısını alarkın şəhid olub. Qardaşım şəhid olanda bizə yaralanıb dedilər. Təlaşlandıq, xəstəxana soruşacaqdıq, bizdən ev ünvanımızı soruşdular. Onda şübhələndik ki, yaralını evə gətirməzlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.


