“Ermənistan cəmiyyəti, eləcə hakimiyyətin özü 44 günlük Vətən müharibəsindəki məğlubiyyətlə razılaşa bilmir. Baxmayaraq ki, bu, işğalçı dövlətin məğlubiyyəti idi. Bu, qonşu dövlətə qarşı hörmətsizliyin məğlubiyyəti idi. Ancaq göründüyü kimi, hələ də Ermənistan itirdiyi Azərbaycan torpaqlarını yenidən geri almağa, Azərbaycanla gərgin münasibətlər yaratmağa çalışır. Məqsəd sülh müqaviləsinin imzalanmasını uzatmaq, Azərbaycanın daxilində gərginlik yaratmaqdır, ərazilərimizdə gedən qurculuq işlərinə mane olmaqdan ibarətdir. İstər-istəməz Ermənistan cəmiyyətində sual yaranır ki, siz 30 il ərzində ancaq dağıtdınız, amma Azərbaycan qısa zaman ərzində infrastruktur yaradır, qəsəbələr salır. Dünyanın gözü Azərbaycandadır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
“Eyni zamanda, məqsəd artıq tarixin səhnəsindən silinmiş Minsk qrupunu dirçəltmək və mövcud olmayan “Dağlıq Qarabağ” probleminin Azərbaycana zorla qəbul etdirməkdən ibarətdir. Bu isə Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribatdır. Əlbəttə ki, bunlar heç vaxt Azərbaycan tərəfindən qəbul edilməyəcək. Cənab Prezidentimiz də dəfələrlə bu məsələlərlə bağlı Azərbaycanın prinsipal mövqeyini ortaya qoyub. Ermənistanın son dövrlərdəki təxribatı şübhəsiz ki, nə vaxtsa, Azərbaycan tərəfindən qəti cavabını almalı idi. Biz hər Kəlbəcər, Laçın zonasında mövqelərimizin atəşə tutulduğunu eşidirdik, bu dəfə isə onlar Azərbaycan ərazimizə daxil olaraq yerləri minalamağa çalışıblar. Azərbaycan tərəfinin qətiyyətli zərbəsi nəticəsində Ermənistan növbəti dəfə itkilər verib və ərazi bütövlüyümüz, suverenliyimiz qorunub. Ermənistan növbəti dəfə bildi ki, “dəmir yumruq” yerindədir, Azərbaycanın qətiyyəti yerindədir. Cənab Prezidentimizin prinsipal mövqeyi dəyişməzdir!”.
Aynurə Pənahqızı Demokrat.az


