Ət və heyvan yeməkləri ƏDV-dən azad olunsa da, qiymətlər qalxır, səbəbi isə məlum deyil. Vergidən azad olunan yemlərin qiymətində isə artım müşahidə olunur. Bəs, bu qiymət artımı nə ilə bağlıdır? Məsələyə münasibət bildirən iqtisadçı ekspert Rauf Qarayev Demokrat.az-a açıqlamasında bildirib ki, əslində bizdə statistik məlumatlarda da bir çox yanlışlıqlar var. Buna görə də, proqnozu belə düz vermək çox çətin olur.
“Nəticədə nəyin nə qədər ölkəyə idxal edildiyini bilmək üçün müxtəlif qurumlara sorğudan əlavə, kənd təsərrüfatı sahəsi ilə məşğul olan fermerlərlərdən də məlumat almalısan. Bundan əlavə, Gəncədə yerləşən Aqrar Universitetin fəaliyyəti qənaət bəxş deyil. Mütəxəssis yetişdirilir, amma onların qeydləri ortada yoxdur və yaxud da qeydləri var, amma düzgün təhlil olunmayıb. Burada günahı Kənd Təsərrüfatı Nazirliyinin üzərinə qoymaq olar. Amma, bu bizə nə verəcək? Əlbəttə, heç nə. Bəzi mütəxəssislər isə məcbur çıxış yolunu digər ölkələrin təcrübələrində axtarır. Gəlin məsələyə baxaq görək digər ölkələrin kənd təsərrüfatı sahəsi ilə bizim kənd təsərrüfatı sahəsi eynidirmi? Orada gedən proseslər bizə uyğundurmu? Hesab edirəm ki, vəziyyətdən çıxış yolu, ölkədə heyvandarlıq sahəsi üzrə yem bazasının yaradılmasıdır, əks halda kənd təsərrüfatı sahəsi üzrə adi südü biz idxal etməli olacağıq. Əgər əvvəllər insanlar əti az yeməkdən şikayət edirdisə, indi süd məhsullarının baha olmasından şikayətlənəcəklər. Yem bazasının təcrübəsi sovet dönəmində var idi və onu yeniləməklə bu praktikadan istifadə etmək olar”.
Aynurə Demokrat.az


