Sosial

“Oğlum doğum günümdə şəhid oldu, o gündən 59 yaşımda qalmışam” — “Hadrut fatehi”nin anası

“Oğlum doğum günümdə şəhid oldu, o gündən 59 yaşımda qalmışam” — “Hadrut fatehi”nin anası

“Oğlum mənim hər şeyim idi, cənnətim, görən gözüm idi. O cəmi 36 il yaşadı. Bu vaxt ərzində o çox tələsirdi. Hər şeyə vaxt tapırdı, istəyirdi hər şeyi etsin. Elə bil böyük təlaş var idi içində. Təbii ki, bütün analar övladlarını sevir, amma mən onu sevməklə bərabər həm də qoruyurdum. Həkim olmağını istəyirdim. Digər övladlarım da mənə deyirdi ki, sən Camala baxanda gözlərin başqa cür gülür, parıldayır. Onu bütün övladlarımdan seçirdim. Səməd Vurğunun bir şeiri var- “Geyinib əsgər paltarını, silahlandı qəhrəman, onun polad sinəsinə sığışmadı ürəyi”. Camal paltarını geyinib işə gedəndə bu söz yadıma düşürdü. Ona həmişə, hələ lap uşaq yaşlarından “anasının qəhrəmanı” deyirdim".

“Oğlum doğum günümdə şəhid oldu, o gündən 59 yaşımda qalmışam” — “Hadrut fatehi”nin anası

Bunu Moderator.az-a açıqlamasında “Hadrut fatehi”, XTQ baş giziri, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova deyib. O daha sonra əlavə edib.

“Oğlum doğum günümdə şəhid oldu, o gündən 59 yaşımda qalmışam” — “Hadrut fatehi”nin anası
“Müharibəyə yollananda arxasınca su atdım. Heç ağlıma da gəlməzdi ki, onu axırıncı dəfə görürəm. Daha sonra gördüm ki, vatsapda status yazıb qoyub. Belə deyirdi: “Havada oddan, alovdan başqa heç nə görmək mümkün deyil. Burada hətta doğmalar da yada düşmür. Ölüm bizimlə bir addımlıqdadır”. Onun bu sözlərini böyütdürüb, çərçivəyə salmışam. Çox qayğıkeş övlad, ata, qardaş idi. Ailəsinə diqqət göstərmək üçün xüsusi bir gün seçmirdi, gözləmirdi. Hər dəfə evə zəng edəndə mən nəsə alıb hazırlayırdım, qonşulara paylayırdım. Deyirdim ki, “əsgərlərimizə, övladlarımıza dua edin, sağ-salamat qayıtsınlar”. Oktyabrın 21-də ad günüm idi. Öz-özümə fikirləşirdim ki, Camal mütləq zəng edib, məni təbrik edəcək. Səhər tezdən kiçik oğlum Ülvi zəng edib məni təbrik etdi. Məndən soruşdu ki, “ana, oğlun zəng edib?”. Dedim ki, xeyr, 3 gündür ki, mənə zəng etmir. Dedi ki, “darıxma, zəng edib təbrik edər”. Düz axşama qədər gözlədim, yenə də zəng etmədi. Axşam namazından sonra gördüm ki, həyətdən ağlaşma səsləri gəlir. Sən demə artıq Camal şəhid olmuşdu. O şəhadəti ilə məni təbrik etdi. Mən o gündən sonra ömürlük 59, oğlum isə 36 yaşında qaldı” deyə şəhidin anası bildirib. Şəhid anasının bir təsəllisi var. O da övladının vətən uğrunda şəhid olmasıdır.

“Oğlum doğum günümdə şəhid oldu, o gündən 59 yaşımda qalmışam” — “Hadrut fatehi”nin anası

“Oğlum ömrünü hərbi sahəsi ilə bağlamışdı. Aprel döyüşlərində də iştirak etmişdi, bir çox fəxri fərmanlarla mükafatlandırılmışdı. Rabitə sahəsində mütəxəssis idi, ermənilərin rabitə sisteminə qoşulub, Hadrutu müdafiə edən 1500 nəfərlik erməni briqadasına öz dillərində “geri çəkilin” əmrini vermişdi. Bu dərd bizimlə sona qədər gedəcək. Amma başımızı uca tutmalıyıq. Çünki şəhidlər bizə baş ucalığı, şəhid anası vəzifəsi qoyub gediblər. Çalışmalıyıq ki, onların adlarına layiq addım ataq, danışaq, hərəkət edək. Onları ziyarətə gedəndə gözlərinin içinə dik baxmağı bacaraq” deyə şəhidin anası bildirib.

D
demokrat.az