“Son Brüssel görüşündən sonra anons verildi ki, il sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması gözlənilir. Hətta Paşinyan da bu ifadələri dilə gətirdi. Görünən ondan ibarətdir ki, regionda sabitliyin bərqərar olmasında maraqlı olmayan güclər var. Bu güclər şimal qonşumuz da, Qərbin bəzi aparıcı dövlətləri də ola bilər. Əslində, elə vaxtilə ATƏT-in Minsk qrupunun həmsədr olan ölkələrin son dövrdə narahatlıqları və Azərbaycan torpaqlarının işğalında azad etməsindən irəli gələn narahatlıqları göz önündədir“.
Bu fikirləri Demokrat.az-a Kəlbəcər və Tovuzun atəşə tutulmasını şərh edərkən Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib. Partiya sədri bildirib ki, Ermənistan müxalifəti Rusiyadan idarə olunur və burada heç bir şübhə yoxdur:
“Eyni zamanda, son dövrlərin hadisələri göstərdi ki, Paşinyan ölkənin baş naziri olmaqla yanaşı, bütövlükdə Ermənistan hərbi güclərinə sona qədər nəzarət etmək imkanlarına malik deyil. Və bir çox hallarda da Ermənistan tərəfindən bu cür revanşist fikirlərin səsləndirilməsi özünü təsdiq edir. Eyni zamanda ilk dəfə deyil ki, sərhəddə belə təxribat xarakterli addımlar atılır. Azərbaycan mövqelərinin atəşə tutulması bir daha onu deməyə əsas verir ki, sülh müqaviləsinin imzalanmasında maraqlı olmayan güclər bu prosesdə hərəkətə keçirlər. Vəziyyətin gərginləşməsində maraqlı olduqlarını bu cür əyani şəkildə ortaya qoyurlar. Təbii ki, bunlara baxmayaraq Azərbaycan öz mövqeyini ortaya qoybdur. Biz şərtlərimizi irəli sürmüşük ,sülh müqaviləsinin bağlanması ilə bağlı 5 şərt irəli sürülübdür. Bu şərtlər beynəlxalq hüquqa, beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur deyə Ermənistan tərəfindən də qəbul edilməməsi mümkün deyil. Bu, Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməsi qarşı tərəfdən, eyni zamanda Azərbaycana ərazi iddialarından əl çəkilməsidir ki, bu tələblər qəbul ediləcəyi təqdirdə yalnız sülh müqaviləsinin imzalanması ola bilər. Bütün bunlara baxmayaraq Azərbaycan gücünü ortaya qoyub, torpaqlarının əhəmiyyətli hissəini işğaldan azad edibdir. Bundan sonrakı dövrdə də biz danışıqlara paralel olaraq öz gücümüzü də bir daha gücləndirməliyik və qarşı tərəfi irəli sürülmüş şərtlərin yerinə yetirilməsinə məcbur etməliyik“.
Aynurə Pənahqızı Demokrat.az


