Ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətinin qorunması davamlı inkişafın təminatında əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyev daim bu müqayisəli təhlili aparır ki, elə ölkələr var, iqtisadi inkişafı ilə diqqət çəkir, amma orada demokratik islahatlar aşağı səviyyədədir. Elə ölkələr də var ki, onlarda demokratik inkişaf geniş vüsət alsa da, iqtisadi tərəqqidən danışmaq qeyri-mümkündür. Həmin ölkələrdən fərqli olaraq Azərbaycanın bu vəhdəti qoruması beynəlxalq səviyyədə də təqdir olunur.
Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət ediblər. Müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına və dövrün tələblərinə cavab verən yeni qanunun hazırlanmasının vacibliyi öz əksini tapıb. Cari ilin iyulun 26-da Milli Məclis layihə ilə bağlı təkliflərin təqdim edilməsi üçün dövlət qeydiyyatına alınmış siyasi partiyalara müraciət etmişdir. Ötən müddət ərzində 39 siyasi partiya öz təkliflərini rəsmi olaraq Milli Məclisə təqdim edib. Layihənin hazırlanmasında siyasi partiyaların iştirakı təmin edilib.
Uğurlarımıza söykənərək bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, dövlətimizin başçısının həyata keçirdiyi islahatlar kursu çərçivəsində siyasi sistemin yeni konfiqurasiyasının formalaşması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda mövcud demokratik mühit hər gün yeni-yeni yanaşmalarla, münasibətlərlə zənginləşir. Burada əsas məqsəd cəmiyyətimizin saflaşmasıdır. Layihənin hazırlanması zamanı beynəlxalq təcrübəyə müraciət olunaraq Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr, həmçinin 20-dən artıq ölkənin təcrübəsi nəzərdən keçirilib. Bu gün siyasi partiyalarla hakimiyyət arasında dialoqun formalaşması təqdirəlayiqdir.
Ölkəmizdə çoxpartiyalı sistemin formalaşması, həmçinin bütün siyasi partiyalara fəaliyyətləri üçün bərabər şəraitin yaradılması dövlət siyasətinin əsasını təşkil edir. Heç şübhə yoxdur ki, atılmış addımlar siyasi sistemin dayaqlarının daha da möhkəmləndirilməsinə, siyasi dialoqun genişləndirilməsinə, böyük hədəflərə hesablanmış köklü və məqsədyönlü islahatların həyata keçirilməsinə imkan yaradacaqdır”.
Milli Məclisin deputatı, Kamran Bayramov


