Gündəm Özəl

“Ermənilər rusları özlərinə qalxan etmək istəyirlər” — ŞƏRH

“Ermənilər rusları özlərinə qalxan etmək istəyirlər” — ŞƏRH

“Ümumiyyətlə, ermənilər elə düşünür ki, Xankəndi, Xocalı, Əskəran və Qarabağın rus nəzarətində olan, ermənilər yaşayan hissələri onlarda qalacaq. Bunlar nə vaxtsa, status ala biləcəklər. Bu ümidlə də, rusların himayəsi ilə yerlərini bərkitməyə çalışırlar. Lakin şübhəsiz ki, onların bu kimi planlarının həyata keçirilməsinə Rusiya şərait yaradır. Həmişə olduğu kimi, ikili standartlar və vədə xilaf çıxma yenə özünü göstərir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Tural İrfan deyib.

Analitik əlavə edib ki, Xankəndidə tələsik rus icmasının yaradılması da bu qəbildəndir:

“Ermənilər rusları özlərinə qalxan etmək istəyirlər. Son məlumata görə, Rusiya sülhməramlı kontingentinin hərbçiləri Rusiya bölmələrinin məsuliyyət zonasından keçən Naxçıvanik-Xankəndi yeni yolunun tikintisinin təhlükəsizliyini təmin edirlər. Amma əslində sülhməramlı qüvvələrin işi bu kimi təxribatçı işlərə göz yummaq və şərait yaratmaq deyil. Kimdən qoruyurlar o yolun çəkilişini? Azərbaycandan? Azərbaycanın öz torpağında ermənilər yol çəkir, Rusiya da onu qoruyur? Bu, birbaşa 10 noyabr sənədinə və gedən danışıqların məzmununa ziddir. O torpaqlar Azərbaycanın suveren ərazisidir. İndi belə çıxır ki, sülhməramlılar ora ona görə yerləşib ki, Qarabağın ermənilərin nəzarətində qalmasına kömək etsinlər. Bu da yolverilməzdir! Həmin ərazilərdə aparılan bütün işlər Azərbaycanla məsləhətləşilməlidir! Azərbaycan Respublikasının icazəsi, rəyi, razılığı olmadan aparılan bütün işlər təxribat xarakteri daşıyır”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az