Sosial

Dövlət qurumu 2 aylıq şirkətdən 16 min manata fotoaparat alır —Təfərrüat

Dövlət qurumu 2 aylıq şirkətdən 16 min manata fotoaparat alır —Təfərrüat

Zaqatala Dövlət Qoruğu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.comaçıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi“Techno Group Azerbaijan” MMC (VÖEN- 1905167681) olub.

“Techno Group Azerbaijan” MMC Zaqatala Dövlət Qoruğuna 1 ədəd fotoaparat dəsti və 1 ədəd fotoaparat üçün obyektiv satacaq. MMC satacağı fotoaparatın qarşılığında 15 min 902 manat alacaq. Nizamnamə kapitalı 100 manat olan “Techno Group Azerbaijan” MMC -nin hüquqi ünvanı Suraxanı rayonu, AB yaşayış sahəsi (Yeni Günəşli qəs.), ev 139, m. 24-də yerləşir. MMC-nin qanuni təmsilçisi Qasımova Könül Ramazan qızıdır.

Tender müsabiqəsinin maraqlı və qəribə tərəfi odur ki, qalib şirkət – “Techno Group Azerbaijan” MMC tender müsabiqəsinin başlamasından cəmi 2 ay əvvəl dövlət qeydiyyatına alınıb. Zaqatala Dövlət Qoruğu tender müsabiqəsini (Kotirovka sorğusu) avqust ayının 10-da elan edib. Tender müsabiqəsinin qalibi olan “Techno Group Azerbaijan” MMC isə iyun ayının 6-da dövlət qeydiyyatına alınıb.

Məlumat üçün onu da bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.

Cəmi 2 ay əvvəl yaranan şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olduğu da başa düşülən deyil.

D
demokrat.az