Sosial Özəl

Deputat: “Bu işlər hesaba gəlməzdir, bu işlər çox qiymətlidir”

Deputat: “Bu işlər hesaba gəlməzdir, bu işlər çox qiymətlidir”

“30 il müddətində Qarabağ torpaqları düşmən tapdağı altında qaldı, şəhər və kəndlərimiz viran edildi. İnsanlar uzun illər ağır bəlalara düçar oldular. Həmin torpaqlarda görünməmiş vəhşiliklər, soyqırımlar həyata keçirildi. Naxçıvan Muxtar Respublikası da Heydər Əliyev olmasaydı və Naxçıvana gəlməsəydi belə ağır bəlalara düçar ola bilərdi. Heydər Əliyevin Naxçıvanda olması və 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin fövqəladə sessiyasında deputatların, eləcə də ora gələn on minlərlə insanın təkidi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi demək olar ki, Azərbaycanın müstəqillik tarixində unudulmaz səhifədir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. Deputat bildirib ki, bu, Azərbaycanın müstəıqilliyinin, suvverenliyinin sonrakı dövrlərdə qorunması, inkişafı üçün bir zəmin idi:

“Heydər Əliyev Naxçıvanda Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə çox böyük işlər, tədbirlər həyata keçirdi. Bu da nəinki Naxçıvanı ağır bəlalardan qurtardı, eləcə də naxçıvanlıların mübarizliyi, böyük Heydər Əliyevin cəsarəti, şücaəti nəticəsində əldə olunmuş bir çox nailiyyətlər Azərbaycan xalqına, Azərbaycan vətəndaşlarına yeni ruh verdi, onlarda yeni inam oyatdı. Əlbəttə ki, Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və eləcə də, Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi, bu böyük şəxsiyyətə xalqımızın göstərdiyi böyük hörmət və etimadın nəticəsi idi. Bu, Azərbaycanı düşdüyü vəziyyətdən qurtarmaq üçün çox düşünülmüş bir yol idi. Bu yol dünənimizə və bu günümüzə bir işıq saçdı. Demək olar ki, sonrakı dövrlərdə Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan torpaqları işğal olunmaqdan xilas edildi. Əlbəttə ki, həmin dövr çətin və təlatümlü bir dövr idi. İstər iqtidarda olanların səriştəsizliyi, istərsə də, xarici müdaxilə Azərbaycanı çətin bir vəziyyətə salmışdı. Azərbaycan xüsusilə ağır günlərini yaşayırdı. Belə bir dövrdə Heydər Əliyev qonşu dövlətlərlə mehriban əlaqələr yaratdı. Düşünülmüş siyasi gedişlə Heydər Əliyev ermənilərin işğal yolunu kəsdi, xalqı səfərbər etdi. Onları mübarizəyə, torpaqları qorumağa ruhlandırdı”.

T.Rzayev əlavə edib ki, Heydər Əliyev Azərbaycan xalqını, Azərbaycan torpağını canı qədər sevirdi:

“Bu torpağın müqəddəsliyi, qorunması onun həyatının mənası idi. O, Azərbaycanın dövlət bayrağının ucaldılması, Azərbaycanın himninin səsləndirilməsi, Azərbaycan vətəndaşının gələcəyinin təmin edilməsi üçün atdığı addımları bilavasitə ölkənin gələcəyinə hesablanmışdır. Bunun üçün də insanların təhlükəsizliyi onun həyatının mənası sayılırdı. Həm də Heydər Əliyev o dövrdə Naxçıvanın quruculuğu, sosial məsələlərin həyata keçirilməsi, insanların rahatlığının təmin edilməsi üçün əldə olan nə var idisə, hamısını etdi və Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında qanunun qəbul edilməsi və bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qaldırdığı vəsaitin təmin edilməsi Heydər Əliyevin ən böyük xidmətlərindən biri idi. Digər tərəfdən, 1991-ci ilin dekabrın 16-da Ali Məclis tərəfindən 31 dekabr Dünya Azərbaycanlıların həmrəyliyi və birlik günü haqqında qərarın qəbul edilməsi Heydər Əliyevin gələcəyə hesablanmış siyasi gedişi idi”. “Bu gediş bu gün dünya azərbaycanlılarının bir araya gəlməsində, onların həmrəyliyiniin təmin olunmasında çox böyük əhəmiyyətə malikdir. Heydər Əliyev çətin günlərdə Naxçıvanın xilası, quruculuğu sayəsində həyata keçirdiyi tədbirlərlə bu respublikanı demək olar ki, bəlalardan qurtardı və onun gələcəyi üçün, bugünü üçün çox böyük zəmin hazırladı. Bu işlər hesaba gəlməzdir, bu işlər çox qiymətlidir, həm də bu Azərbaycan döpvlətçilik tarixinin qızıl səhifələrindən biri kimi yadda qalandır. Bu gün Azərbaycan xalqı, Azərbaycan dövləti özünün əldə etdiyi nailiyyətlərə böyük inkişafa, quruculuq işlərinə görə Ulu Öndərimizə borcludur və onun xidmətləri heç zaman unudulmazdır”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az