“Vardanyanın ayağının həm Qarabağdan, həm də Türkiyədən kəsilməsi istiqamətində addımlar atmaq lazımdır” Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Yusif Bağırzadə erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək Qarabağ köçməsi ilə bağlı bəyanatını şərh edərkən deyib.
“Mən uzun müddətdir ki, Ruben Vardanyanın öz anti Azərbaycan və anti Türkiyə mövqeyi ilə sözün əsl mənasında təhdid olması ilə bağlı fikirlərimi bildirirəm. Xatırlayırsınızsa hələ keçən ilin dekabr ayında Vardanyan Rusiyanın RBK agentliyinə verdiyi müsahibədə Ermənistan siyasətinə atılmağa və ölkəyə rəhbərlik etməyə hazır olması ilə bağlı bəyanat səsləndirmişdi. O bildirmişdi ki, Ermənistan çox ağır vəziyyətdədir və indi onun müstəqil dövlət kimi qorunub saxlanılması məsələsi çox kəskin dayanıb, ona görə də belə vəziyyətdə dövlət rəhbəri olmaq üçün çox cəsarətli və riskə getməyə hazır adam tələb olunur. Həmin vaxt Vardanyan erməni əsilli digər rus oliqarxları ilə birlikdə Paşinyan iqtidarını kəskin tənqid edərək, Ermənistan hakimiyyətinin Qarabağdakı ermənilərin təhlükəsizliyini təmin etmək üçün “siyasi iradə və qətiyyətə malik olmadığını” bəyan etmişdi.
İndi isə Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçdüyünü deyən Vardanyan Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərində "Artsaxın təhlükəsizliyi və inkişafı fondu"nu yaratdığını elan edir və bu elanı Xocavənd rayonundan bəyan edir. Sülhməramlıların mandatının “Artsax” xalqının təhlükəsizliyini öz gücünə təmin edənə qədər uzadılmalı olduğunu deyən Vardanyan dünya ermənilərini "Artsax uğrunda mübarizə"yə çağırmaqla yanaşı ABŞ və Fransanın da danışıqlarda əsas rol oynamasının vacibliyini qeyd edir.
Bilməyənlər üçün deyim ki, Ruben Vardanyan “Troyka Dialoq” investisiya kampaniyasının keçmiş sahibi, “Avrora” Humanitar Təşəbbüslər Cəmiyyətinin həmtəsisçisi, “Skolkov” biznes idarəetməsi məktəbinin banisi və ilk prezidentidir, iş adamıdır və 2020-ci ilin məlumatlarına görə 1 milyard dollar sərvətə malikdir. Əslində isə onun sərvətinin həcminin 5 milyardı keçməsi ilə bağlı da məlumatlar var. “Troyka Dialoq” İnvestisiya Kampaniyasının 2011-ci ildə Rusiyanın məşhur “Sberbank”ına satılmasından sonra 2015-ci ilə qədər “Sberbank” prezidentinin müşaviri və bankın İdarə Heyətinin sədri olub. Rusiyanın siyasi və maliyyə dairələri ilə kifayət qədər yaxşı münasibətləri olan Vardanyan məhz keçmiş maliyyə naziri Aleksey Kudrin və “Sberbank”ın sahibi German Qreflə dostluq münasibətləri səbəbi ilə 2011-ci ilə “Troyka Dialoq” kampaniyasını kifayət qədər yaxşı qiymətə “Sberbank”a satmağa müvəffəq olub. O, həmçinin İtaliyanın “Roma” futbol klubunun erməni əsilli oyunçusu və Azərbaycana, ümumiyyətlə, türklərə qarşı nifrəti ilə tanınan Qenrix Mxitaryanın da qayınatasıdır".
Analitik əlavə edib ki, hal-hazırda Vardanyan erməni diaspor təşkilatlarının əsas havadarlarından biridir:
"Onun və eləcə də tibbi-bioloji araşdırmalarla məşğul olan “Flagship Pioneering” kompaniyasının sahibi Nubar Afeyan və Təbriz doğumlu erməni alim, Nyu Yorkdakı Korneqi Fondunun prezidenti Vartan Qriqoryan tərəfindən təsis edilmiş “Avrora” Humanitar Təşəbbüslər cəmiyyəti artıq neçə illərdir ki, “Erməni Genosidi” məsələsinin tanınması üçün aktiv fəaliyyət göstərirlər. Cəmiyyət bu və ya digər ölkə parlametlərində “erməni soyqırımı”nın tanınması təşəbbüsü ilə çıxış edən fiziki və ya hüquqi şəxsə birdəfəlik 1 milyon dollar və qərarın qəbul olunması halında isə əlavə olaraq hər il 200 min dollar həcmində mukafat ödəyirlər. Bununla yanaşı, onu da qeyd etməliyəm ki, Vardanyan dünya biznes elitasında cinayət yolu ilə əldə olunmuş çirkli pulların yuyulması vasitəsilə böyük sərvətə yiyələnmiş adi bir dələduz olaraq tanınır. Belə ki, 2006-cı ildən “Troyka Dialoq” kampaniyası satılana qədər bu investisiya qrupu şəbəkəsindən 8,8 milyard dollar həcmində çirkli pulların yuyulması ilə bağlı rəsmi məlumatlar mövcuddur".
Y.Bağırzadə qeyd edib ki, Rusiyadakı çirkli pulların yuyulması və digər cinayətkar qrupların başında əksər hallarda məhz elə ermənilər dayanır:
"Bu sıraya “Taşir” qrupunun başçısı, milyarder Samvel Karapetyanı, “Monarx” şirkətinin başçısı Sergey Ambarsumyanı, “Stinkom qrupu”nun sahibi, Moskvadakı “Yerevan plaza”nın sahiblərindən biri Gennadi Stepanyanı və başqalarını əlavə etmək olar.
Göründüyü kimi Vardanyan öz varidatını tamamını Rusiyada qazanıb və Rusiyanın hakim dairələri ilə sıx əlaqələrə malikdir. Odur ki, indi belə bir adamın Rusiya vətəndaşlığından imtina etməsi bir sıra mətləblərdən xəbər verir. Görünür ki, erməni əsilli rusiyalı milyarderin Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüssel danışıqlarından dərhal sonra Xocavənddə peyda olması heç də təsadüfi deyil. Bütün bunların İrəvan ilə Bakı arasında siyasi dialoqun pozulmasına yönəlmiş, planlaşdırılmış və Moskvada təsdiq edilmiş təbliğat aksiyasına daha çox bənzəyir".
Onun sözlərinə görə, Vardanyanın antiPaşinyançı mövqeyi onu deməyə əsas verir ki, o Rusiyanın Ermənistan siyasətində ehtiyat oyunçulardan biridir:
"Rusiyanın ənənəvi müttəfiqi olan Köçəryan Sarkisyan cütlüyünün xalq arasında olan reytinqnin aşağı olması onları istənilən vaxt yeni qüvvələrlə əvəzləmək üçün ehtiyat qüvvələrə ehtiyac yaradır. Vardanyanın imkanları və indiyə qədər Ermənistanda hər hansı dövlət vəzifəsi daşımaması onun alternativ qüvvə kimi ortaya çıxmasını təmin edə bilər.
Məsələnin ikinci tərəfi isə Vardanyanın öz varidatını qorumağa cəhdləri ilə bağlıdır. Belə ki, çoxsaylı fırıldaqlara və çirkli pulların yuyulması ilə bağlı ittihamlara baxmayaraq Vardanyan indiyə qədər möcüzəvi şəkildə Qərbin sanksiyalarından yayına bilmişdi. İndi isə Rusiya oliqarxlarına qarşı Qərbin sanksiyaları fonunda gec-tez Vardanyana qarşı da sanksiyaların tətbiq olunacağı şübhəsizdir. Vardanyanın Rusiyada qazandığı milyardların böyük əksəriyyətini ABŞ və Avropada saxladığını nəzərə alsaq tətbiq ediləcək sanksiyaların ona necə böyük təsir edəcəyini təsəvvür etmək çətin deyil. Vardanyan da məhz bu amili nəzərə alaraq bir tərəfdən Rusiya vətəndaşlığından imtina edərək sanksiyaların təsirindən özünü qorumaq istəyir, digər tərəfdən isə Qarabağ danışıqlarında ABŞ və Fransanın iştirakının vacibliyi ilə bağlı bəyanat verərək həmin ölkələrin özü ilə bağlı qərar vermə ehtimalını azaltmağa cəhd edir". Politoloq hesab edir ki, istənilən halda Ruben Vardanyanın və onun timsalında digərlərinin də Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərimizə girişinin məhdudlaşdırılması ilə bağlı ciddi addımlar atılmalı və onun fəaliyyəti nəzarətə götürülməlidir:
"Onun son bir neçə gündə Türkiyədə erməni iş adamları ilə apardığı danışıqlar və Türkiyədəki bizness planları ilə bağlı məsələlər də diqqətdə saxlanılmalı, Azərbaycan və Türkiyə əleyhinə faəliyyəti ilə tanınan belə bir şəxsin Türkiyəyə girişinin yasaqlanması ilə bağlı da danışıqlar aparılmalıdır”.
Aynurə Pənahqızı Demokrat.az


