Gündəm

“Yaxın vaxtlarda Rusiya və Avropa İttifaqı arasında intriqa artacaq” — Politoloq

“Yaxın vaxtlarda Rusiya və Avropa İttifaqı arasında intriqa artacaq” — Politoloq

“Azərbaycan və Ermənistan arasında nizamlanma prosesi həm Rusiya platformasında, həm də Avropa İttifaqı platformasında davam etməkdədir. Əlbəttə ki, bu, çox vacib amildir. Çünki biz bilirik ki, Cənubi Qafqazdakı proseslərə həm Avropa İttifaqının, həm də Rusiyanın təsir imkanları kifayət qədər ciddidir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib. Politoloqun sözlərinə görə, Rusiya və Avropa İttifaqı istiqamətində yaxın aylarda da təmaslar davam edəcəkdir.

“Əlbəttə ki, onlar arasında rəqabət nə qədər çox olarsa, bir o qədər də tez effektiv addımları biz Ermənistan tərəfindən görə bilərik. Çünki bu rəqabət fonu Rusiyadan da, Avropa İttifaqında da ədalət mövqe sərgilənməyi tələb edir. Əgər ədalətli mövqe sərgilənməyəcəksə, onların Azərbaycan və Ermənistan arasındakı məsələlərdə təsir imkanlarının daralmasına səbəb olacaq. Ona görə də, burada açıq-aşkar şəkildə biz yaxın vaxtlarda onlar arasında intriqanın hansısa mənada artacağının da şahidi olacağıq”.

“Rusiya tərəfi başa düşməlidir ki, üçtərəfli bəyanata məhz onun platformasında imza atılıbdır. Amma, imza atmaq azdır. Eyni zamanda, həmin o bəyanatda ki, müddəaların yerinə yetirilməsi üçün Ermənistana təzyiq metodlarından istifadə etmək lazımdır. Əgər təzyiq metodundan istifadə ediləcəksə, zəruri bəyanatın müddəaları ilə bağlı öhdəliklər Ermənistan tərəfindən yerinə yetiriləcək. Bu, Rusiyadan Cənubi Qafqazdakı dayanma müddətinə təsir edəcək. Yox, əgər Russiya özünü bu məsələdə vaxtın uzatması ilə məşğul olacaqsa, regiondan uzaq olan dairələrin Cənubi Qafqazdakı proseslərə təsir imkanları genişlənmiş olacaqdır”, - Z.Məmmədov sonda qeyd edib.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az