“Brüssel görüşünün müsbət elementlərindən biri ondan ibarətdir ki, artıq mütəmadi şəkildə bu görüşlər baş verir. Əlbəttə, bunları danışıqlar formatı adlandırmaq olmaz. Çünki ümumi şəkildə hansısa mövzular müzakirə olunur. Amma, Avropa İttifaqının bu təşəbbüsü hesab edirəm ki, müsbət qiymətləndirilməlidir. Çünki Avropa İttifaqı bu şəkildə münaqişənin həllində iştirak edir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
“Avropa İttifaqının mövqeyi bəllidir. Dəfələrlə bəyan olunub və deyilib ki, onlar əsasən texniki yardım göstərmək niyyətindədirlər. Kommunikasiyaların bərpası mövzusunda daha da fəaldırlar. Ona görə, hesab edirəm ki, orada əsasən Zəngəzur dəhlizi mövzusu müzakirə olunacaq. Çünki Azərbaycanın kommunikasiyaların bərpası mövzusuna mövqeyi ondan ibarətdir ki, ilk növbədə Ermənistan öz öhdəliklərini, yəni 10 noyabr sənədinə uyğun həyata keçirtməlidirlər. Sonra isə digər kommunikasiyaların bərpası baş verə bilər. Ona görə hesab edirəm ki, bu görüşdə Zəngəzur mövzusu müzakirə olunacaq. Əslində bəziləri deyir ki, guya sülh sazişi bağlana bilər və s. Doğrusu, mən bu ehtimala inanmıram. Çünki hələ ki, Ermənistan Azərbaycanın irəli sürdüyü tezislərə münasibətində biz görürük ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini real şəkildə tanımaq istəmir və müxtəlif bəhanələrlə bundan boyun qaçırır. Buna görə də, o prinsiplərə əməl olunmadan sülh sazişinin bağlanması real görünmür”.
Aynurə Pənahqızı Demokrat.az


