“Zəngəzur dəhlizinin açılmasında maraqlı və qətiyyətli olan tərəfin sadəcə rəsmi Bakı olmaması, digər dövlətlərin də maraqlı və buna gedən yolda atılan addımların reallığı kontekstində həm də digər dövlətlərin rəsmi İrəvana təzyiqi artmaqdadır. Dəhlizin açılmasına gedən yolda dayanan, həllini gözləyən məsələlər başlıca maneədir. İndiki məqamda Ermənistan imzalanması təklif edilən sülhü sadəcə rəsmi Bakı, rəsmi Ankara ilə sabotaj etmir, baş verən hadisələrə detallı, bəzən isə sadəcə ötəri nəzər yetirmək kifayətdir ki, hətta rəsmi Kreml vasitəsilə də sabotaj etdiyini görək”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib. Politoloqun sözlərinə görə, ölkədə mövcud və artan anti-Rusiya təbliğatı buna bariz nümunədir:
“Bu, Paşinyanın "Rusiyanı hərəkətsizlik"də günahlandırması ilə eyham vurduğu “Müstəqillik bizim üçün güclü müttəfiqlik münasibətidir, lakin müttəfiqlər həmişə təkcə sizin müttəfiqləriniz deyil, həm də sizə qarşı olanların müttəfiqləridir” mesajından aydındır. Əvvəla, hər məqamda Rusiyanı ittiham edən Ermənistan bilməlidir ki, ümumiyyətlə regionda tək aktor Rusiya olmadığı kimi, indiki mövcud durumda isə hər şeyi həll edəcək yeganə aktor da Rusiya deyil. Bu anti-Rusiya reallığından aydın xəbəri olan rəsmi Kreml də tam olmasa da Ermənistana illərlə verdiyi hər cür yardımı, vəsaiti, ermənilərin özünə layiq təbirincə desək yemlərini azaldır”.
Politoloq qeyd edib ki, Ermənistan istifadə üçün həm rus, həm də qərb cəbhəsinə lazımdır:
“Reallıq odur ki, hələ də Rusiyanın təsirindədir. Rusiyaya isə Türkiyə ilə reallaşdırdığı və reallaşdıracağı məsələlər indi heç zaman olmadığı qədər lazım olduğundan və daha çox divident gətirəcəyindən Türkiyə ilə “işini görür”. Türkiyə də hər dividenti Qarabağda istənilən məsələnin Azərbaycanın marağına zidd olmayacağı şərtini irəli sürməklə qazandırır. Beləliklə, Ermənistan hər nə qədər cəhd etsə də ki, hansısa nəticəyə doğru irəliləsin autsayder vəziyyətində qalır. Ermənistan çaşqınlıqdan ayılmalıdır, hələ də mümkün olmayan nələrəsə ümid etməsi isə öz əleyhinə işləyir. Ermənistan dərk etməlidir ki, regiondan kənar dövlətlə "Bir kurs. Bir yol xəritəsi. Fəaliyyətlər" şüarını uca səsləndirməklə deyil, başını sakitcə aşağı salıb region ölkələri ilə konstruktiv əməkdaşlıq etməklə sonunu yaxınlaşdırmaz”.
Ş.Həsənova əlavə edib ki, Ermənistanla Azərbaycan arasında həllini tapmalı olan çox məsələ var:
“Şübhəsiz ki, bunların həlli üçün təmaslar, görüşlər vacibdir. İndiyə kimi komissiyanın işi ilə bağlı konkret qərarlar qəbul edilmirdisə ki, burada “oyunu pozan” sadəcə əsas yox, həm də tək Ermənistan deyildi. Atılacaq addımların, hansı konkret qərarların alınacağının, ümumiyyətlə bütöv mənzərənin nədən ibarət olduğunun dəyərləndirilməsi kimi başa düşülən ilkin müzakirələrdən fərqli olaraq bu dəfə sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı ciddi və konkret addımların atılacağı, qərarların alınacağı qənaətindəyəm. Ermənistan bilir ki, məsələlər Azərbaycanın ərazisi bütövlüyü çərçivəsində həll olunmalı və görür ki, başqa seçim variantı mövcud deyil. Qarşıda duran yeganə görüş sərhədlərin müəyyənləşdirilməsi üzrə delimitasiya komissiyasının nümayəndələrinin görüşü deyil, həm də digər cəbhənin vasitəçiliyi ilə nəzərdə tutulan Brüssel görüşüdür ki, baş tutacaq istənilən təmas, görüş “Qisas” əməliyyatı və ondan sonra cənab Prezident İlham Əliyevin səsləndirdiyi “Bizi heç kim və heç nə dayandıra bilməz. Nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə də hansısa telefon zəngi. Heç nə və heç kim” mesajının ünvana çatmasından sonra bu sədalar altında reallaşacaq. Azərbaycanın atdığı addımlar qalib tərəfin addımları olmaqla yanaşı, həm də beynəlxalq hüquq çərçivəsində olduğundan məsələlərin haqlı olaraq bizim lehimizə işləməsi prosesi davam edəcək”.
Aynurə Pənahqızı Demokrat.az


