Gündəm Özəl

Deputat: “Genişmiqyaslı vergi güzəştlərinin tətbiq olunması gözlənilir“

Deputat: “Genişmiqyaslı vergi güzəştlərinin tətbiq olunması gözlənilir“

“Laçın rayonu iqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdən hesab olunur”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat qeyd edib ki, rayonun həm böyük turizm potensialı, həm də aqrar, eləcə də sənaye sektorunda müqayisəli üstünlükləri var:

“Təbii ehtiyyatları ilə fərqlənən rayonda emaledici sənayenin üzrə istehsalının təşkili mümkündür.

İşğaldan öncə rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq idi. Bununla yanaşı, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunurdu. İşğaldan öncə Laçın rayonunda fəaliyyət göstərən sənaye müəssisələri daha çox xammal növlərinin emalına əsaslanmışdı. Laçın həmçinin, zəngin təbii ehtiyatlara malikdir. Belə ki, Laçın rayonunda civə, xromit, mərmər, üzlük tikinti daşları və digər faydalı qazıntı ehtiyatları var. Qısa zamanda rayonun dağıdılan iqtisadiyyatının bərpası və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası mümkün olacaq”.

Deputat əlavə edib ki, Laçının Zabux kəndi Azərbaycanın ən səfalı yerlərindən biri hesab olunur.

“Ümumiyyətlə, işğaldan azad olunan rayonlarla bağlı kifayət qədər geniş miqyaslı vergi güzəştləri tətbiq olunması gözlənilir. Hətta sosial haqlarda belə subsidiya mexanizminin tətbiq edilməsi nəzərdə tutulacaq. Nəticədə rayonlarımızı, xüsusən də Laçın rayonuna daha çox investisiyanın cəlb olunması gözlənilir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az