“Ötən ilin noyabr ayının sonlarında Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçi görüşündə sərhədlərin demarkasiya və delimitasiya olunması barədə razılıq əldə olundu”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndi deyib. Politoloqun sözlərinə görə, ötən 9 ay ərzində bütün bu proseslər çətinliklə də olsa davam etdirilir:
“Ermənistan tərəfi hər zaman olduğu kimi, bu dəfə də bitmiş münaqişənin davam etməsi görüntüsü yaratmaqla, masaya bu yöndə danışıqlar sənədi qoymağa çalışır. Qeyd edim ki, 10 noyabr kapitulyasiya sənədinin tələblərindən irəli gələrək qanunsuz hərbi birləşmələrin Qarabağ iqtisadi rayonun ərazisindən çıxarılması və Laçın şəhərinin Azərbaycan tərəfinə tam təhvil verilməsi ləngidilsə də, bizim siyasi iradəmiz və hərbi təzyiqimiz nəticəsində Laçın şəhəri və ətraf kəndlər də qısa müddətdə qanunsuz ermənilərdən, separatçılardan təmizləndi”.
V.Əfəndi əlavə edib ki, qanunsuz hərbi biləşmələrin bir qisminin Azərbaycanı tərk etməsi də bu təzyiqin nəticəsi idi:
“Dövlət sərhədlərinin müəyyənləşdirilməsinin dinc dövrdə çox çətin olduğunu nəzərə alsaq, prosesin necə ağır və məsuliyyətli olduğunu anlamaq heç də çətin deyil. Lakin əlimizdə müəyyən xəritələr var. Buna görə də, regionda sülh naminə hadisələri tələsdirməliyik. Sirr deyil ki, son zamanlar Rusiyanın regionda aktivliyi azalıb, həmçinin beynəlxalq nüfuzu ciddi zədələnib. Ona görə də, hazırki şəraitdə Rusiya bu istiqamətdə prosesi ləngidə biləcək hansısa addımlar atmaq niyyətində deyil”.
Politoloq qeyd edib ki, Ermənistan bu məsələlərin çözülməsində istəkli olmasa da, mövcud hərbi siyasi vəziyyət Paşinyanı məhz sülhə sövq edəcək:
“Sülh müqaviləsinin əsas şərti isə tərəflərin bir-birilərinin ərazi bütövlüyünü tanımasıdır. Bu baxımdan da hər iki dövlət BMT tərəfindən tanınmış sərhədləri tanımaq barədə sənədə imza atmalıdırlar. Hesab edirəm ki, avqust ayının sonunda baş verəcək delimitasiya komissiyasının üzvlərinin görüşündə irəliləyişlər olacaq. Bu günlərdə Azərbaycan nümayəndə heyətinin Qarabağ iqtisadi rayonu ərazisində yerləşən və müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində olan Sərsəng su anbarına baxış zamanı erməni nümayəndələrin iştirakı baş verdi. Artıq biz öz ərazimizdə olan insanlarla ümumi dil tapmağı bacardığımızı hər kəsə göstərdik. Bundan sonra, Sərsəng su anbarının istifadəsi həm Qarabağda qalıb yaşamaq istəyən ermənilər, həm də ətraf rayon sakinləri üçün mümkün olacaq”.
Qeyd edək ki, Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi üzrə delimitasiya komissiyalarının nümayəndələrinin görüşəcəyi tarix açıqlanıb. Komissiya rəhbərləri Şahin Mustafayev və Mqer Qriqoryan avqustun 30-da görüşəcəklər.
Aynurə Pənahqızı Demokrat.az


