Xəbər verdiyimiz kimi, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Komissiyanın növbəti görüşü avqustda Moskvada keçiriləcək. Bəs, bu görüşdən hansı müsbət nəticələr gözlənilir?
Sualımızı cavablandıran BAXCP sədrinin müşaviri, politoloq Azər QasımovDemokrat.az-a açıqlamasında bildirib ki, regionda gedən proseslər elə bir istiqamətdə cərəyan edir ki, proseslərin mahiyyəti region dövlətlərini ön planda göründüyü kimi yox, arxa planda gedən proseslərin nəticəsi məlum olandan sonra konkretlik qazanacaq:
"Rusiya-Ukrayna arasında gedən müharibənin, gələn ilin ortasında Türkiyədə keçiriləcək Prezident və parlament seçkilərinin nəticəsi regionun son vəziyyətini təyin edəcək. Belə bir gözləntilərin nəticələri məlum olmamış, hesab edirəm ki, regionda aparılan bu kimi danışıqlarda konkret nəticə gözləmək yanlış olardı.

İstər Azərbaycan, istərsə də Ermənistanın qeyd edilən hadisələrin nəticələrindən fərqli gözləntiləri vardır. Ermənistan nəticədən asılı olaraq düşdüyü məğlub durumdan kiçik də olsa hansısa divident əldə etməklə çıxmaq üçün danışıq proseslərini uzatmaqda maraqlıdırsa, Azərbaycan tərəfi qalib dövlət kimi həmin hadisələrin nəticəsindən öz qələbəsini möhkəmləndirmək və daimi etmək üçün istifadə etməkdə maraqlıdır. Azərbaycan təbii ki, prosesi bunsuz da tam qələbə ilə başa çatdıracağına əmindir. Bu əminliyi Azərbaycan dövlətinə onun xalqı və ordusu verir. Bu baxımdandır ki, indiki şəraitdə belə Azərbaycanın marağındadır ki, proses sona çatsın".
Analitikin sözlərinə görə, Moskva görüşünün hansısa prinsipial nəticə ilə başa çatacağı ehtimalı azdır:
"Ehtimal az olsa da, 10 noyabr müqaviləsinin bəndlərinə əsasən erməni silahlılarının Qarabağ ərazisindən tam çıxarılması məsələsi öz həllini tapa bilər. Amma məsələ ondadır ki, Azərbaycan onsuz da bu məsələni öz gücü ilə həll edib və erməni silahlılarının çıxarılması üçün lazım olan tədbirləri görüb. Erməni silahlı birləşmələri hər hansı durumda Qarabağdan çıxmağa məhrumdurlar".
Aynurə Pənahqızı Demokrat.az


