Gündəm Özəl

Deputat: “Azərbaycan bu məsələdə qətiyyətli mövqeyini ortaya qoyub”

Deputat: “Azərbaycan bu məsələdə qətiyyətli mövqeyini ortaya qoyub”

"10 noyabr üçtərəfli sazişə uyğun olaraq Laçın dəhlizi boşaldılmalıdır. Sülhməramlı qüvvələr yeni alternativ çəkilmiş yolda öz missiyalarını yerinə yetirməlidirlər".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib. Deputat vurğulayıb ki, Laçın dəhlizinin, Zabux və Sus kəndlərinin boşaldılması eyni zamanda Laçın şəhərinin boşaldılması deməkdir və bu istiqamətdə hazırda ciddi addımlar atılır:

"Azərbaycan tərəfinin qətiyyəti nəticəsində bu ayın sonuna qədər orada yaşayan ermənilər mütləq şəkildə ərazini tərk etməlidirlər.

Baxmayaraq ki, onlar bir neçə təxribatlar etdilər və "Qisas" antiterror əməliyyatında bunun cavabını aldılar. Məlum oldu ki, heç bir məsələ bizim qarşıya qoyduğumuz məqsədimizdən əl çəkdirən deyil. Çünki biz heç bir beynəlxalq normaları, qanunları pozmuruq. Eyni zamanda, qanunauyğun şəkildə üçtərəfli imzalanmış kapitulyasiya aktına əsasən, o ərazilər boşaldılmalıdır".

Millət vəkili diqqətə çatdırıb ki, bu gün ermənilər həmin kəndlərdə ciddi cəhdlə təxribatlar törədirlər:

"Onlar orada yanğınlar törədirlər ki, bu da erməni xislətinin göstəricisidir. Qeyd edim ki,bizim Kəlbəcərdə və digər istiqamətlərdə olan vaxtilə təcrübələrimiz göstərdi ki, mütləq şəkildə buna cavabdeh olan qurumlar həmin ərazilərdə çox təqdirəlayiq işlər həyata keçirdilər. Bilirik ki, bu gün Fövqəladə Hallar Nazirliyinin məhz yanğınsöndürən avtomobilləri həmin ərazilərdədir. Eyni zamanda sülhməramlı qüvvələrin müşayiəti altında bu proseslər həyata keçirilir. Nəyin bahasına olursa-olsun biz həmin ərazilərə vaxtilə ata-baba yurdlarından didərgin düşmüş vətəndaşlarımızı qaytaracağıq. Vaxtilə Suriyadan və digər istiqamətdən köçürülmüş ermənilər, hansı ki, onlar terror dəstələri idi, onların övladları və digərləri də ərazini artıq tərk etməlidirlər. Demək olar ki, artıq tamamilə tərk ediblər. Bütün bu proseslər hamısı göstərir ki, biz Böyük Qayıdışa daha da yaxınlaşırıq və bu məsələnin həllində Azərbaycan öz qətiyyətli mövqeyini ortaya qoyub".

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az