Sumqayıt şəhərində 1978-ci il təvəllüdlü Vüsal həyat yoldaşı Xəyaləyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, istintaq orqanı tərəfindən Vüsalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verənm Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Xəyalə ilə 2002-ci ildə rəsmi olaraq ailə həyatı qurub, birgə nigahlarından üç övladları olub.
Vüsalın sözlərinə görə, böyük qızı Səbinə ailə həyatı qurub və onlarla birlikdə yaşamır, lakin digər övladları Səidə və Anar onlarla birlikdə eyni ünvanda yaşayırlar.
Vüsal qeyd edib ki, ailə həyatı qurduqları vaxtdan etibarən ailə üzvləri ilə normal davranıb, onların bütün sıxıntıları ilə maraqlanıb, ehtiyaclarını ödəyib: “Lakin son aylar həyat yoldaşım Xəyalə ilə aramızda qısqanclıq zəminində yaşadığımız evdə bir neçə dəfə mübahisə və münaqişələrmiz yarandı”.
Vüsal deyib ki, sonuncu dəfə evdə olan zaman bir daha Xəyalə heç bir səbəb olmadan qısqanclıq zəmnində onunla mübahisə etməyə başlayıb: “Etmədiyim bir şeyi üzərimə yıxaraq münaqişə etməyə başladı. Onu nə qədər sakitləşdirməyə çalışsam da, Xəyalə mənə əhəmiyyət vermədi. Əksinə olaraq qıcıqlandırıcı ifadələrlə məni özümdən çıxarmağa cəhd etdi. Artıq Xəyalənin bu hərəkətlərinə tam əsəbləşərək onu özümdən kənarlaşdırmaq məqsədilə bir qədər kənara itələdim. Ola bilsin ki, həmin vaxt əlim onun ağız nahiyyəsinə dəyib. Bu vaxt qızım bizim səs-küyümüzə qonaq otağına gəldi. Həmin zaman qızım aramıza girdi və uca səslə üzərimə qışqıraraq anasının tərəfini tutmağa başladı. Mən də öz növbəmdə anasına olan hirsimi onun üzərinə tökərək qızımı kənara itələdim, otaqdan çıxdım”.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşman olduğunu deyib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Xəyalənin sözlərinə görə, əri ilə qısqanclıq zəminində mübahisə edib, onların mübahisə sonda dava ilə nəticələnib.
Əri tərəfindən döyülən Xəyalənin bildirdiyinə görə, baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edib.
Xəyalə ifadəsinin sonunda əri ilə barışdığını, ona qarşı şikayəti olmadığını deyib.
Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Vüsalın arvadı ilə barışması nəzərə alınıb. Onun barəsində olan cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


