Bakının Xəzər rayonunda 2005-ci il təvəllüdlü Ramil Babayev şəxsi münasibətlər zəminində Rahili (adlar şərtidir – red.) bıçaqlayıb. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 27-də Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən "Leon" şadlıq sarayının qarşısında baş verib.
Istintaq orqanı tərəfindən Ramilin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərərvurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əhməd Quliyevin icraatında araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Ramil özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilib. O bildirib ki, Zığ qəsəbəsində yerləşən 65 nömrəli orta məktəbi 7-ci sinifə qədər oxuyub və sonra çıxıb: “Orta məktəbdən çıxandan sonra yunan-roma güləş idman növüylə məşğul olmağa başladım. Atamın icarəyə götürüb işlətdiyi tikinti materialları mağazasına gedərək ona köməklik etmişəm. Həmin dükana taksi fəaliyyəti ilə məşğul olan Əli tez-tez gəlib. Əli bir neçə gün hadisədən qabaq atam Fikrəti noyabrın 27-də oğlunun toyuna dəvət etdi. Toy inə qəsəbəsi, “Lion” şadlıq sarayında təşkil olundu. Atam spirtli içkilər olan məclislərə getmədiyi üçün mən toya getməli oldum”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, atası Fikrət işlətdiyi tikinti materialları mağazasında fəhlə işləyən və dostluq münasibətində olduğu Elmar da toya dəvətli olmuşdu. Elmarla birlikdə Yeni Suraxanı qəsəbəsində taksiyə mindik və təxminən 18.30-da “Lion” şadlıq sarayına çatdıq. Restoranın həyətinə çıxaraq siqaret çəkəndə Yeni Suraxanı qəsəbəsində yaşayan Eldarı gördüm. Onunla aramızda sözlü mübahisə baş verdi. Həmin vaxt Elmar bizi sakitləşdirdi”.
Ramil bildirib ki, daha sonra Elmar onun əvvəllər tanımadığı, adları ona sonradan məlum olan Rahil və Namil adlı şəxslərlə restorana daxil olublar: “Mən də tək onların arxasınca restorana qalxdı. Elmarın Rahil ilə mübahisə etdiyini eşitdim. Bundan sonra Rahil də ünvanıma "var yox söyüşü" söydü. Mən də onun söyüşünə əhəmiyyət vermədim. Arxamca gəlməli olan atamı gözlədim. Bir qədər sonra atam özünə məxsus “Kia” markalı avtomobillə restoranın qarşısına gəldi. Mən də Elmar avtomobilə əyləşdik. Avtomobildə olanda atama özümü pis hiss etdiyimi, mənə qarşı pis söyüş söyüldüyünü bildirdim. Həmin vaxtı biz yenidən "Lion" şadlıq sarayına qayıtdıq. Atam həmin vaxt orada olan qırmızı gödəkcə geyinmiş Rahilə yaxınlaşaraq nə üçün söydüyünü soruşdu. Rahil isə məni söymədiyini dedi. Bu vaxt Rahil atama yenidən məni söymədiyini deyəndə əsəbləşdim və onu vurmaq istədim. Rahil yumruqla sifətimdən bir dəfə vurdu. Mən də cibimdən bıçaq çıxardaraq özümü müdafiə etmək üçün bıçağı hərəkət etdirərəkən Rahilin qarın nahiyəsindən bir dəfə dəydi”.
Məhkəmənin hökmü ilə Ramilin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.
Ona 2 il sınaq müddəti olmaqla 6 il 6 ay şərti cəza təyin olunub.
Ramilin barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilib və “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ilə əvəz edilib.
Ramil məhkəmə iclas zalından həbsdən azad edilib.
Fariz Məlikli Demokrat.az


