Gündəm Özəl

Partiya sədri: “Ölkəmizdə zaman keçmədən “5-ci kolon”un nümayəndələri ifşa olunmalıdır”

Partiya sədri: “Ölkəmizdə zaman keçmədən “5-ci kolon”un nümayəndələri ifşa olunmalıdır”

“Ölkəmizdə istənilən xarici dövlətə xidmət edən şəxslər və qruplar neytrallaşdırılmalı və onlar cəzalandırılmalıdırlar. Çünki onların fəaliyyəti dövlət maraqlarına ziddir. İndiki zamanda ən aktual məsələ Rusiyanın Azərbaycandakı “5-ci kolonu”dur. Yəni, həm tariximizə, həm sərhədlərimizə görə, bu gün bizə ən real təhlükə yaradan Rusiyadır və Rusiyanın Azərbaycandakı fəaliyyətidir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı deyib. Partiya sədri vurğulayıb ki, bu gün Azərbaycan daxilində böyük şəbəkəyə malik olan dövlət də məhz Rusiyadır:

“Təbii ki, vaxt keçmədən biz Rusiyaya and içmiş, Rusiya kölələri olan, yəni hansı strukturlarda təmsil olunmasından asılı olmayaraq, istər siyasi dairələrdə, istər elmi dairələrdə, istər hərbi, istərsə də, hüquq-mühafizə orqanlarında təmsil olunan bütün növ agentura şəbəkəsi ifşa olunmalıdır. Biz Ukraynada gördük ki, Rusiya bu və ya digər səbəbləri bəhanə gətirərək işğalçı siyasətinə başlayanda, həmin o ölkədaxilindəki “5-ci kolon”un dəstəyindən yararlandı. Yəni, onların yaratdığı zəminə söykənərək siyasət qurdu. Əvvəl siyasi təzyiqlər, ardınca hərbi müdaxiləyə keçdi. Rusiya Ukraynaya hücum etdikdən sonra minlərlə insan Rusiya xidmət orqanlarına işləməkdə ittiham edildi və həbs edildi. Ukraynada hələ səhv etmirəmsə, belə bir qanun layihəsi qəbul olundu ki, Rusiyaya agentlik etdiyini, yaxud Rusiya ilə əməkdaşlıq etdiyini şəxsin özü etiraf edərsə, o, cinayət məsuliyyətindən azad olunacaq. Minlərlə insan da bu ərkdən istifadə edib zamanında Rusiya xidmət orqanlarına əməkdaşlıq etdiyini bildirdilər, lazımi məlumatları Ukrayna xüsusi xidmət orqanlarına təqdim etdilər. İndi biz də Azərbaycanda buna başlamılıyıq”.

“Bunlar müxtəlif ranqlarda yerləşdirilmiş kadrlardır, heç də bir hərəkətlə bunları təmizləmək asan deyil. Bunların siyasi, iqtisadi, hərbi baxımdan təxribat edə bilmə gücləri var, yəni əllərində kifayət qədər kapital, maliyyə var. Bu resursları işə salsalar, heç də Azərbaycan iqtisadiyyatı üçün asan olmaz. Amma, oturub gözləmək də olmaz ki, Rusiya nə vaxt hücum edəcək və “5-ci kolon” özünü göstərəcək. Onda gec ola bilər. Odur ki, zaman keçmədən bunlar ifşa olunmalıdır və neytrallaşdırılmalıdır. Hər zaman qeyd etdiyimiz kimi, belə iri şəbəkələrin neytrallaşdırılması zamanı da Türkiyə modeli var. Türkiyənin FETÖ terror təşkilatına qarşı mübarizə necə oldu? İqtidar həm xalqınla, həm də müxalifəti ilə bir araya gələrək, ümumi düşmən üzərinə getdi. Düşünmürəm ki, tək şəkildə bunu iqtidar bacarardı. Ona görə də, iqtidarın çıxşı yolu xalqı və müxalifəti ilə bir araya gələrək “5-ci kolon” üzərinə getməkdir. Amma, görünən odur ki, iqtidar hələlik öz hakimiyyət maraqlarına görə, belə addımlar atmır və riskli fəaliyyətini davam etdirir. Yəni, söhbət burada kiminsə iqtidarı itirməsindən, kiminsə iqtidara gəlməsindən yox, dövlət və dövlətçilik maraqlarından getməlidir. Nə qədər tez hakimiyyət qəbul etsə ki, bu, ümummili bir məsələdir o zaman ümummilli zəmin, ümumi milli birlik çərçivəsində cavab vermək olar. Fikrimcə, iqtidar da bu məsələdə məlumatlıdır və onlar güman edirəm ki, mənim dediyim məsələləri nəzərə alacaqlar. Nəhayət ki, Azərbaycan sözün həqiqi mənasında həqiqi müstəqil olmaq istiqamətində də addımlar atacaq”, - deyə partiya sədri sonda fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az