“Neft sektorundan sonra ən çox gəlir gətirən sahə turizmidir. Bir çox ölkələrin dövlət büdcələrinin formalaşmasında turizm sektorunun əhəmiyyətli payı olur. Qlobal pandemiyanın ən çox mənfi təsir göstərdiyi sahələrdən biri və yaxud birincisi turizm sektoru olmuşdur”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib. Deputat vurğulayıb ki, artıq pandemiyanın təsirləri azalmağa doğru getdikcə, dünya turizm sahəsində yenidən canlanma və rəqabət güclənməkdədir:
“Hansı ölkələr daha yaxşı turizm infrastrukturu və xidmətlərlə bu rəqabətə qoşulursa, o ölkələr bu sahədən daha çox pay qazanmış olurlar. Azərbaycanın da böyük turizm potensialı vardır. Ölkəmiz qış-yay turizmi üçün əlverişlidir. Gözəl təbiəti, müalicəvi suları, istisu mənbələri, dünyada analoqu olmayan Naftalan nefti, işğaldan azad olunmuş ərazilərin turizm potensialı və s. kimi olmaqla çox geniş çeşidlidir. Bu potensialdan düzgün istifadə etməklə, gəlirləri daha da çoxaltmaq mümkündür. Düzdür, son illər dövlətin dəstəyi ilə ölkəmizdə geniş turizm infrastrukturu formalaşmışdır. Amma bununla yanaşı müəyyən çatışmamazlıqlar da mövcuddur. Ən böyük çatışmamazlıq turizm obyektlərində göstərilən xidmətlərlə qiymətlərin mütənasib olmamasıdır. Dövlət Turizm Agentliyi tərəfindən turizm obyektlərində müəyyən standartların müəyyən edilməli olduğunu hesab edirəm. Bu standartlar hər bir qonağa yüksək xidmət təqdim edilməsinə xidmət etməlidir. Ona görə də, müvafiq qurum turizm sektorunda xidmət göstərən obyektlərdə monitorinqlər aparmalıdır. Hansı obyektlər müştərilərin tələbatına uyğun səviyyəli xidmət göstərə bilmirsə, onların fəaliyyəti məhdudlaşdırılmalıdır. Ən əsas məsələlərdən biri də turizm mərkəzlərində göstərilən xidmətlərə yerli turistlərin əlçatanlığının təmin olunması üçün qiymət siyasətinə yenidən baxılmasıdır. Yəni, az və keyfiyyətsiz xidmət göstərməklə çox qazanmaq yox, çox və keyfiyyətli xidmət göstərməklə çox qazanmaq siyasəti əsas götürülməlidir”.
Aynurə Pənahqızı Demokrat.az


