Gündəm Özəl

Fərid Şəfiyev: “Laçın şəhəri Azərbaycana təhvil veriləcək”

Fərid Şəfiyev: “Laçın şəhəri Azərbaycana təhvil veriləcək”

Rəsmi İrəvan bəyan edib ki, Laçın ərazisində yeni yolun onlara aid hissəsinin tikintisi başlanıb və cəmi 8 km-lik inşa işləri gələn ilin sonu bitəcək.

Qeyd edək ki, Azərbaycan isə 32 km-lik marşrutu artıq tamamlamaq üzrədir. Maraqlıdır ki, 8 km yolun inşasını uzatmaqla erməni tərəfi nəyə nail olmaq istəyir? Məsələni Demokrat.az-a şərh edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, bu, ənənəvi erməni taktikasıdır.

O, açıqlamasında müharibədən əvvəl də Ermənistan tərəfinin bütün danışıqları uzatmağa çalışdığını vurğulayıb:

“Gözləyirdilər ki, bəlkə geosiyasi vəziyyət onların xeyrinə düzələcək və beynəlxalq ictimaiyyət “Dağlıq Qarabağ”ı tanıyacaq. Müharibədən sonra da biz gördük ki, onlar hər bir məsələdə istər delimitasiya, istər sülh sazişi və ya digər məsələlərdə uzatma taktikasından istifadə edirdilər. Halbuki, üçtərəfli bəyanatda yazılıb ki, yeni yol inşa ediləcək və Laçın şəhəri Azərbaycana təhvil veriləcək. Amma, yenə də müəyyən dərəcədə bu məsələni ləngidirlər.

Ümumiyyətlə, Ermənistan ərazisində nə baş verirsə, o, bizlik deyil və biz cavabdehlik daşımırıq. Üçtərəfli bəyanatda da Ermənistan ərazisindən söhbət getmir, söhbət Azərbaycan ərazisindən gedir. Təbii ki, yeni dəhliz inşa olunandan sonra biz tələb edə bilərik ki, onlar artıq Laçını tərk etsinlər”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az