Gündəm Özəl

Ramil Məmmədli: “Müharibə formatında qarşıdurmanı istisna etmək olmaz”

Ramil Məmmədli: “Müharibə formatında qarşıdurmanı istisna etmək olmaz”

“Ermənistan Müdafiə Nazirliyinin Qarabağda yerləşən I Əlahiddə ordusu hələ də Qarabağdan çıxarılmayıb, eləcə də onların həmin əraziləri tərk etməsi üçün bugünədək hər hansı bir tədbirlər görülməyib. Görünən odur ki, Ermənistan öz ordusunu oradan çıxarmaq istəmir və vəziyyəti gərginləşdirməklə, eləcə də orada təxribatlara əl atmaqla ordunun orada saxlanılmasına nail olmağa çalışır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib. Ekspertin fikrincə, vəziyyətin bu şəkildə olmasında günahkar tərəflərdən biri də Rusiyadır:

“Çünki bəyanata imza atan tərəflərin arasında vasitəçi olan və münaqişənin həll ediləcəyinə dair məsələni öz üzərinə götürən ölkə məhz Rusiya Federasiyasıdır. Hesab edirəm ki, bu məsələdə Rusiya Federasiyası Ermənistana təzyiqləri artırmalıdır. Bildiyimiz kimi, bu yaxınlarda Cənab Prezident İlham Əliyev Ermənistana sərt şəkildə xəbərdarlıq etdi. Cənab Prezident vurğuladı ki, Ermənistan hərbiçiləri Qarabağdan çıxarılmasa biz lazımi tədbirləri görəcəyik. Əlbəttə ki, düşünmürəm ki, irimiqyaslı hərbi əməliyyatlar olsun, yəni müharibə formatında hər hansı bir qarşıdurmanın olması gözlənilmir. Amma, təbii ki, bunu da istisna etmək olmaz. Görünən odur ki, bəzi istiqamətlərdə lokal əməliyyatların həyata keçirilməsi mümkün ola bilər. Bunun isə nə zaman olacağı bəlli deyil və vəziyyətin gedişatına uyğun şəkildə buna fikir söyləmək mümkündür. Hazırda Azərbaycan öz hərbi mövqeyini, hərbi imkanlarını həm Qarabağda, həm də Azərbaycan-Ermənistan dövlət sərhəddi boyunca məntəqələrdə daha da gücləndirir, ordunun çevikliyinin artırılması üçün də yenilənmə işləri həyata keçirilir. Düşünürəm ki, Ermənistan bu münaqişədən çəkinmək üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirəcək”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az