Ermənistan Qarabağın yekun statusu olmadan Azərbaycanla sülh sazişi bağlamağı istisna etmir. Bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. O, xatırladıb ki, Ermənistan Azərbaycanın təklif etdiyi münasibətlərin normallaşdırılmasına dair beş bəndlik sənədi məqbul hesab edir.
Məsələyə münasibət bildirən Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu Demokrat.az-a açıqlamasında bildirib ki, yekunda Ermənistan sülh sazişini imzalamağa məcbur olacaq. Onun fikrincə, Ermənistanın mövcud rəhbərliyi bəlkə də, bu sazişin Ermənistanın həm də xilası olduğunu dərk edir:
“Sadəcə daxilində iqtidarını qorumaq üçün müəyyən zaman qazanır. Heç kimə sirr deyil ki, Ermənistanın daxilində Rusiya ilə iş birliyində olan kifayət qədər geniş maddi imkanlara malik siyasi partiyalar var. Bu siyasi qüvvələr Azərbaycanın 44 günlük şanlı zəfərindən sonra Paşinyanı devirməyə cəhd etdilər, amma buna nail olmadılar. Bütün bunların fonunda hesab edirəm ki, hazırki şəraitdə Nikol Paşinyan öz hakimiyyətini qorumağa və bir qədər də gücləndirməyə çalışır. Düşünürəm ki, məlum sülh sazişi yaxın aylarda imzalana bilər. Əks halda Ermənistan rəhbərliyi də anlayır ki, yenidən bəhanələrlə prosesi uzatmağa cəhd etsə, bunun acı nəticələri olacaq. Bu səbəbdən əminliklə deyə bilərəm ki, Ermənistan Azərbaycanın irəli sürdüyü 5 bəndlik sənədi necə qəbul etmək məcburiyyətində qaldısa, sülh sazişini də belə imzalamağa məcburdur. Dünyada qəbul olunmuş qaydalar var. Düşünürəm ki, məğlub olan tərəf olaraq Ermənistan qalib tərəf olaraq Azərbaycanın irəli sürdüyü bütün təklifləri və tələbləri icra etmək məcburiyyətindədir. Bu prosesi uzatmağın zərərli tərəflərinin də mahiyyətini anlamamış deyildir”.
Aynurə Pənahqızı Demokrat.az


