Gündəm Özəl

Deputat: “Bu müəssisələrin əsas fəaliyyət istiqaməti ancaq əmək haqqı ödəyərək ayı başa vurmaq olub”

Deputat: “Bu müəssisələrin əsas fəaliyyət istiqaməti ancaq əmək haqqı ödəyərək ayı başa vurmaq olub”

Ötən gün elm və təhsil naziri Emin Əmrullayev AZTV-yə müsahibəsindəuniversitetlərimizin reytinqdə geri qalmasının səbəbini açıqlayıb. Nazir bildirib ki, ali təhsil müəssisələrimizin reytinqlərdə geri olmasının bir neçə səbəbi var: “Bir səbəbi də məhz bundan ibarətdir ki, ali təhsil müəssisələrində müəyyən elmi-tədqiqat işləri var, amma Azərbaycan elə də böyük ölkə deyil, biz elmi tədqiqat potensialımızı müxtəlif qurumlara parçalayıb fəaliyyət göstəririk”.

Məsələ ilə bağlı Milli Məclisin üzvü Azər Badamov Demokrat.az-la fikirlərini bölüşüb. Deputat qeyd edib ki, son illər elmi tədqiqatlar sahəsində hər hansı bir yenilik müşahidə edilməyib:

“Ali təhsil müəssisələrinin reytinqlərdə geri qalmasının səbəblərindən biri də elmi tədqiqat potensialımızın müxtəlif qurumlara parçalayıb fəaliyyət göstərməyi olmuşdur. Son illər elmi tədqiqatlar sahəsində hər hansı bir yeniliyi müşahidə etməmişik. Elm sahəsinin fəaliyyəti onların ortaya qoyduğu məhsulu ilə ölçülür. Təbii ki, büdcədən maliyyələşərək uzun illər fəaliyyət göstərən bu müəssisələrin əsas fəaliyyət istiqaməti ancaq əmək haqqı ödəyərək ayı başa vurmaq olub. Reytinqdə yer alan elmi müəsisələr özlərinin istehsal etdiyi elm tutumlu məhsullarını sataraq özlərinin büdcələrini artırırlar. Mən arzulayardım ki, elmimizin məhsulları patentləşsin və iqtisadiyyatın müxtəlif sahələrində tətbiq olunsun. Həm də xarici elm bazarında tədqiqatlarımızın məhsulları satılsın və ölkəmizin adı yeni startaplarla və ya elmi tədqiqat məhsulları ilə tanınsın”.

“Ümid edirəm ki, elm və təhsilin bir qurumda birləşməsi vahid mərkəzdən bu sahəyə nəzarətin həyata keçirilməsinə və hər iki sahəni bir-biri ilə uzlaşdırılaraq çatışmamazlıqların aradan qaldırılmasına yol açar. Həm də hesab edirəm ki, bu sahədə uğur qazanmış ölkələrin təcrübəsi öyrənilməli və o ölkələrdən menecerlər dəvət olunaraq, daha ciddi elm və təhsil fəaliyyət formalaşdırılmalıdır”, - deyə deputat fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az