Siyasət

“Təhsil və elmin vəhdəti ölkəmizin gələcək inkişafına böyük töhfə verəcək” — Vüqar Rəhimzadə

“Təhsil və elmin vəhdəti ölkəmizin gələcək inkişafına böyük töhfə verəcək” — Vüqar Rəhimzadə

“Dövlət başçısı İlham Əliyev 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra andiçmə mərasimində qarşıdakı dövrün islahatlarının anonsunu vermişdi. Son 4 ilə yaxın dövrdə aparılan islahatlara, idarəetmədə təkmilləşməyə diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyevin elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə 28 iyul 2022-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı da ölkəmizdə həyata keçirilən islahatlar kursunun əsas tərkib hissəsidir”.

Demokrat.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, dövlət başçısının Fərmanına uyğun olaraq Elm və Təhsil Nazirliyinin yaradılması qarşıdakı hədəflərin təqdimatında əhəmiyyətli rol oynayır: “Son illərdə təhsil sisteminin təkmilləşdirilməsinə yönələn sərəncamlar dövlət başçısının “Uğurlu iqtisadi tərəqqiyə məhz ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi sayəsində nail ola bilərik” çağırışına xidmət edir. Təhsilin səviyyəsi dünyanın ən yüksək standartlarına cavab verir, ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı üçün geniş imkanlar yaranır. Ölkəmizdə savadlılığın səviyyəsinin təxminən 100 faizə yaxın olması, təbii ki, uğurlu, təkmil islahatların, təhsilin inkişafına göstərilən diqqət və qayğının nəticəsidir”.

V. Rəhimzadə vurğulayıb ki, müasir dövrün sosial-siyasi reallıqlarının, dünyanın yeni çağırışlarının intellektual gənclik qarşısında qoyduğu mühüm vəzifələr gənc alimlərin yetişdirilməsini də bir zərurət kimi ortaya qoyur: “Gənc alimlər müxtəlif sahələrdə elmi potensialımızı gücləndirirlər. Elmin İnkişafı Fondunun, Gənclər Fondunun yaradılması da öz növbəsində gənclərin öz potensial imkanlarını ortaya qoymalarına, elmi biliklərini artırmalarına və əldə etdikləri bilikləri təcrübədə tətbiq etmələrinə geniş imkanlar yaradır.

“Fərmandan irəli gələn vəzifələrin uğurlu icrası fonunda elmin və təhsilin inkişafının qarşısında geniş imkanlar açılacaq. Ən əsası bu vəhdətin yaradılması ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcək. Dövlət başçısı İlham Əliyev elimin inkişafını daim əsas məsələ kimi öndə saxlayır. Ayrı-ayrı sahələr üzrə elmi araşdırmaların miqyasının genişləndirilməsi qarşıya qoyulan əsas məqsədlər sırasındadır. Bu reallıq inkaredilməzdir ki, Azərbaycanı dünyada tanıdan coğrafi mövqeyi və təbii resursları ilə yanaşı, elmi potensialıdır. Azərbaycan alimləri dünya elminin inkişafına böyük töhfələr veriblər. Atılan mühüm addım bu uğurumuzun miqyasını daha da genişləndirəcək, yeni əlaqələrə yol açacaq”, - deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.

D
demokrat.az