“Azərbaycan xalqı üçün torpaqlarımızın azadlığı və gələcəyi üçün canını qurban verən, sağlamlığını itirən hər bir kəs, eləcə də bu torpaq üçün, bu vətənin inkişafı üçün çalışan, zəhmət çəkən hər bir insan bizim üçün əzizdir, doğmadır, unudulmazdır. Onlar ən böyük hörmət və ehtirama layiqdirlər. Cənab Prezident öz çıxışlarında dəfələrlə bunu xatırladıb. Və bu günlərdə Masallı, Lerik, Göygöl rayonlarının icra başçılarına təyinatı zamanı da bir daha bizim şəhidlərin ruhuna böyük etimadını bildirdi. Qazilərə, şəhid ailələrinə hörmətlə, ehtiramla yanaşmağı, onlara qayğı və diqqəti artırmağı gündəmə gətirdi”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Tahir Rzayev deyib. Deputat vurğulayıb ki, bu insanlar bizim torpaqlarımızın azadlığı uğrunda canlarından keçiblər, öz sağlamlığını itiriblər:
“Onlar bizim başımızı uca etdilər. 30 illik həsrətin ağrısını, acısını çiyinlərimizdə daşıdığımız o günləri demək olar ki, onlar bizə unutdurdular. Ona görə də, onların qarşısında biz həmişə borcluyuq. Onlara öz hörmət və ehtiramınızı daim ifadə etməliyik, onlar Vətən uğrunda ən müqəddəs missiyanı yerinə yetirdilər. Vətənin hər qarışı uğrunda mübariz, qorxmaz, dəyanətli, igid olduqlarını sübut etdilər. Ölkə rəhbəri də bunu hər bir çıxıında dilə gətirir və öz tövsiyələrini verir. Təbii ki, buna görə də, şəhid ailələri və qazilərimiz daim olaraq xatırlanmalı və onlar hər zaman bizim mötəbər tədbirlərimizin başında oturmalıdırlar. Qaziləri təhqir etmək, onlara etinasız olmaq elə bilirəm ki, vicdan borcu deyil, bu ləyaqətsizlikdir. Bu, xalqın oğullarına qarşı ən böyük hörmətsizlik ola bilər. Mən şəxsən belə adamlara nifrətlə, qəzəblə baxıram və bildirirəm ki, heç bir zaman bu insanların xidmətləri unudulmamalıdır. Heç bir zaman bu adamlar çətinlikdə, darda olmamalıdırlar. Çünki onlar bizim çətinliklərimizi, bizim dərdi-sərimizi öz ürəklərində daşıyaraq, öz şücaətləri ilə ağrılarımızı, acılarımızı azaltdılar və Vətənin igid oğulları kimi Azərbaycan bayrağını işğaldan azad olumçuş torpaqlarımıza sancdılar. Ona görə də, belə adamlara qarşı biz barışmaz olmalıyıq. Qazilərimizi, şəhidlərimizi müəyyən mənada hörmətdən salmağa cəhd edən kim varsa, ona qarşı biz amansız olmalıyıq. Belə hala yol verən insan elə bilirəm ki, azərbaycanlı deyil”.
“Belə sözü dilə gətirən, qazilər və şəhidlər haqqında mənfi imic formalaşdıran insanlar elə bilirəm ki, bu xalqın vətənin düşmənidir. Bu vətənin oğlu deyil, xəyanətkardır. Ona görə də, mən bir daha şəhidlərimizin ruhu qarşısında baş əyirəm, qazilərimizə can sağlığı arzulayıram. Və onalar bir arzum var: “Təmkinli olsunlar!”. Çünki ağır çətinliklərdən keçiblər, ağrılıqlara qatlanıblar. Hansısa bir nankorun sözü, hansısa bizə xidmət etməyən düşmən dəyirmanına dən tökən bir nankorun kəlməsi onları qıcıqlandırmamalı, onlarda xalqımız üçün mənfi rəy yaratmamalıdır.. Mən onlara uzun ömür, can sağlığı arzu edirəm”.
Aynurə Pənahqızı Demokrat.az


