Media Özəl

“Qazilərin təhqir edilməsi barədə söylənilənlər hansısa qüvvələr tərəfindən şişirdilib”

“Qazilərin təhqir edilməsi barədə söylənilənlər hansısa qüvvələr tərəfindən şişirdilib”

Xəbər verdiyimiz kimi, bir neçə gün bundan öncə Şuşada xarici media nümayəndələrinin iştirak ilə Beynəlxalq Media Forum keçirilib. Lakin həmin forumu gözdən salmaq üçün bəzi qüvvələr tərəfindən qalmaqallı məlumatlar yayıldı. İddia olunurdu ki, Haqqın.az saytının rəhbəri Eynulla Fətullayev, Qafqazinfo.az saytının rəhbəri Elbrus Ərud və "Xəzər TV"-nin rəhbəri Murad Dadaşov alkoqollu içki qəbul etdikdən sonra, guya qaziləri də təhqir ediblər.

Məsələ ilə bağlı Demokrat.az Şuşada sözügedən tədbirdə iştirak edən media eksperti, professor Qulu Məhərrəmlinin fikirlərini öyrənib.

O, qazilərin təhqir olunmasının yalan məlumat olduğunu bildirib:

“Ola bilər ki, 2-3 nəfər arasında belə bir gərgin söhbət olub, amma nəsə bir səs-küy qalxsın, diqqəti cəlb edən bir hadisə olmayıb. Mənə elə gəlir ki, Şuşa forumuna kölgə salmaq üçün qazi məsələsini bilərəkdən şişirdirlər və yayırlar. Əgər kiminsə halı yaxşı olub və əylənibsə, bunu insanlara irad tutmaq olmaz. Bu gərginlik sadəcə iki nəfər arasında olan söhbətdir və bu barədə özləri də məlumat veriblər. Amma, böyük bir dava düşsün, səs-küy olsun, haradasa qazilərimizin ünvanına təhqirəramiz ifadələr səslənsin, mən şəxsən belə şey eşitməmişəm və görməmişəm. Bunu şişirtməyi də doğru saymıram. Bu adamlardan ola bilər ki, kiminsə xoşu gələ bilər, gəlməyə də bilər. Ümumiyyətlə, orada hansısa insident, yaxud da çoxluğun diqqətini cəlb edən hansısa böyük hadisə yaşanmayıb. Hesab edirəm ki, bu bilərəkdən, qəsdən yayılan informasiyadır. Təbii ki, orada hər kəs qazilərimizə sevgi ilə, məhəbbətlə yanaşırdı. Təbii ki, onlar bizim üçün bir dəyərdirlər, millətin döyüş ruhunu ifadə edən insanlardır. Qazilərin orada olmağı olduqca, bizlər üçün xoş təəssürat yaradırdı. Jurnalistlər var ki, proseslərdən ümumiyyətlə bixəbərdir. Nəyin necə baş verdiyini anlamır. Bir çoxları var ki, onların beynində başqa fikirlərdir. Bu adamlar döyüşün canlı iştirakçılarıdır, onlar canlı tarixdir, onlar ordunun təmsilçiləridir, 44 günlük Qarabağ savaşın canlı şahidləridir. Ona görə də, o adamların qarşısında jurnalistlər də, hər bir vətəndaş da nəinki özünü borclu sayır, həm də məsuliyyət daşıyır”.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı da Demokrat.az-a baş vermiş hadisə barədə danışıb:

“Həmin hadisə məndən 3-4 masa aralı baş vermişdi. Ümumiyyətlə, bu hadisələr barədə deyilənlər tamamilə şişirdilib. Qəfildən çığır-bağır eşitdim və ondan sonra Eynullanı gördüm. Yəni, kiminsə kimləsə sözü düz gəlməyib, bu hadisə baş verib. Dəqiq heç nə deyə bilmərəm. Amma, qazilərin təhqir edilməsi barədə söylənilənlər hansısa qüvvələr tərəfindən şişirdilib. Orada 2 nəfər arasında qışqıırıq oldu, onunla da qurtardı. Ümumiyyətlə, şəhidlər, qazilər niyə təhqir olunmalıdır? Məntiq haradadır? Orada bizlə birlikdə 10 nəfər qazi də var idi. Onlar niyə təhqir olunmalıymış? Hamısı boş söhbətlərdir. Sadəcə, iki nəfərin bir-birilə sözləri düz gəlməyib və biraz çığırışıb bağırışıblar. Özü də deyim ki, bir nəfər çığırdı, onunla da qurtardı”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az