Gündəm Özəl

Toğrul İsmayıl: “Bu cür görüşlər bölgədəki problemlərin həlli üçün yeni yol xəritəsidir”

Toğrul İsmayıl: “Bu cür görüşlər bölgədəki problemlərin həlli üçün yeni yol xəritəsidir”

“Tehranda baş tutan üçlü görüş əslində Suriyada yaşayan proseslərlə bağlı idi”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Türkiyədə yaşayan tanınmış azərbaycanlı alim, Ankara Universitetinin professoru Toğrul İsmayıl deyib. Professor qeyd edib ki, üç dövlət bu məsələdə bir araya gələrək bəzi məsələləri reallıqdan həll etməyə çalışır:

“Bu dəfə ki görüş də bir növ bunun davamı idi. Bilirsiniz ki, Türkiyə oradakı artan terror qruplarının fəaliyyətindən rahatsızdır. Bir əməliyyat başlatmağı hədəfləyib, bu səbəbdən də həm Rusiyanın, həm də İranın bununla bağlı görüşmələri, yanaşması var idi. Açıqlamalarda da Türkiyə Rusiya və İrandan terrorla mübarizədə dəstək istədi. Əlbəttə, burada çox müxtəlif məsələlər də müzakirə olundu, sadəcə Suriya məsələsi deyil, xüsusilə bizim nöqteyi-nəzərdən Qarabağ məsələsi dilə gətirildi. Qarabağdakı problemlər, Zəngəzur dəhlizinin açılması, bölgədə sülhün təmininə və digər məsələlər müzakirə edildi. Eyni zamanda, Ukrayna müharibəsi və onunla bağlı olaraq taxıl böhranı və s. əsas müzakirə mövzusu oldu”.

Ekspertin fikrincə, bu cür hesablanmalar əslində bir növ tərəflərin Suriyadakı yaşanan proseslərlə bağlı öz mövqelərini bir daha təkrarlamaları, ortaya qoymalarıdır:

“Türkiyə burada qərarlığını göstərdi ki, əməliyyatı davam etdirəcək. Rusiya və Türkiyə münasibətlərinə gəlincə, biz hər zaman bunu ifadə etdik, yəni Avrasiyanın iki böyük ölkəsinin barış və istiqrara içərisində olması bölgəmiz üçün çox vacibdir. Bu iki ölkə qarşıdurmaya gedərsə, böhran yaşanarsa, ciddi problemlərlə qarşı-qarşıya olarıq, ancaq anlaşdıqları zaman problemlərin həllində ciddi uğurlar əldə etmiş oluruq. Bu səbəbdən Rusiya-Türkiyə münasibətlərini daha məntiqi cəhətdən belə ifadə edə bilirik. Yəni, onlar reallıqla hərəkət edən, böhranları qarşıdurmaya, çatışmaya döndərməyən bir siyasət yürüdürlər, çünki bir-birinin güclərini bilirlər. Güc həcmlərini, güc miqyaslarının nə olduğunu yaxşı başa düşürlər. Həm iqtisadi, həm siyasi, həm hərbi güclərini. Bu səbəbdən bugünkü şərtlərdə Rusiyanın Ukraynaya müdaxiləsi, oradakı savaş, Suriyadakı durum və digər məsələlər, Qarabağda barış bunlar hamısı olduğu şəkildə reallıqdır. Bu səbəbdən də onu qeyd edə bilərəm ki, iki liderin xüsusilə Tehranda bir araya gəlməsi çox vacib idi. Çünki telefonla görüşmələr olurdu, ancaq üz-üzə gəlmirdilər. Mənə görə, hətta biraz səmimi ortam oldu. Yəni, Putinin açıqlamaları, Azərbaycan prezidenti ilə Xəzər Sammitində görüşü və onun böyük salamını gətirdiyini və digər məsələləri ifadə etməsi də bir növ səmimiyyəti ortaya qoymaqdır, bu münasibətlərin davam etdiyinin göstəricisidir”.

“Əslində, üçlü görüşmənin bizə də təsiri olacaq. Amma digər yandan proseslər başqa şəkildə davam edir. 44 günlük Vətən müharibəsindən sonra bölgədəki geopolitik dəngələr Azərbaycanla Türkiyənin lehinə doğru dəyişmişdir. Bunun unutmamamq lazımdır. Bundan faydalanmağımız lazımdır. Bu cür görüşlər də bölgədəki problemlərin həlli üçün yeni yol xəritəsidir və ya yaşanacaq yeni problemlərin ortadan qaldırılması üçün ciddi məsələlərdir. Amma burada təbii ki, İranın rolunu unutmamaq lazımdır. İran yenə əvvəlki kimi, üzr istəyirəm ifadəmə görə, cığallıq edir. Bu da təbiidir ki, proseslərdən qopduğu üçün, kənar qaldığı üçün açıq şəkildə Ermənistana dəstək verərək öz varlığını göstərməyə çalışır. Sadəcə varlığını deyil, gücünü göstərməyə çalışır. Xameneinin açıqlamaları da bu yöndə idi. Bir növ sərt mesajlar əsas etibarilə onun ciddi şəkildə rahatsız olduğunun göstəricisidir, yəni reallığı anladığından bu sərt mesajlardır. İranın bugünkü şərtlərlə bölgədəki təsir mexanizmləri olsa da, o qədər təsirli deyil deyə bilərik. Proses artıq onun müdaxilə edəcək nəzarətindən çıxmışdır”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az